Rusiyanın atəşkəs təklifinə Ukrayna mənfi cavab verdi

Rusiyanın yeni il günləri üçün Ukraynaya etdiyi atəşkəs təklifini rəsmi Ukrayna rədd edib. Ukrayna Prezidenti Vladimir Zelenski Milad bayramı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin atəşkəs elan etməsi təklifini Rusiyanın atəşkəsdən istifadə edərək təmas xəttində mövqeyini möhkəmləndirmək kimi dəyərləndirib. O, özünün “Telegram” kanalında məsələ ilə bağlı fikirlərinin davamında “Rusiya Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlığını gizlədə bilməyəcək”, - deyə məlumat yayıb. Onun sözlərinə görə, Rusiya atəşkəslə yeni işğala yol açır.

Zelenskinin fikirlərinə Amerika da dəstək nümayiş etdirib. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Rusiyanın Ukrayna ilə təmas xəttində atəşkəs elan etməsini inandırıcı hesab etməyib. O, bu təklifi Rusiyanın atəşkəsdən istirahət üçün istifadə etdiyini düşünərək narahatlıq ifadə edib.