Qurban, Ramazandan sonra indi də Aşura

Məhərrəm ayını, əza günlərini yaşayırıq. İmam Hüseynin (ə) şəhadəti ilə əlaqəli olan bu günlər dünyanın bir çox məkanlarında olduğu kimi Azərbaycanda da Hz Muhəmmədin (s) nəvəsinə matəm tutulur. Artıq yüz illiklərə söykənən bu retual xalqın inanc dəyərlərinə söykənərək milli kimliyinə özünü təsdiqləmişdir.
Hətta sovetlərin sərt qadağa sistemi belə bu xalqın İmam Hüseynə (ə) olan sevgisini, ona əzadarlıq ruhunu ondan almağa aciz olaraq hər növ məhrumiyyətlər yaşatsa da o dövrü arxada qoyaraq xalq yenidən dəyərlərinə dönüş edib. Bu gün Məhərrəmlik, Aşura məclisləri bir azərbaycanlı təfəkküründə İlahi eşqin təcəssümü olaraq görülür, duyulur və yaşanır.
Birmənalıdır ki, ruhun həmahənglik daşıdığı din, insanın duyduğu ehtiyac və dəyərləri ölümsüzləşdirir. Elə buna görə də zamanla dinə qarşı mübarizə cəbhəsi quranlar dəyərin özünü hədəfə almaqda acizliklə üzləşmə səbəbindən ona qarşı təxribatçı addımlar atmışlar. Bununda başlıca səbəbi dinin qüdrət və həqiqətinə qarşı qorxu, paklıq mənbəyinin saxtakarlığı ifşa etməsi əsas səbəblərdəndir.
Azərbaycanda son dövrlər intensiv hal alan anti-İslam davranışları fonunda dini ədəbiyyatdan mətbuata, geyimdən dini məclislərə, bir sözlə din adına hər şey müxtəlif saxta ittihamların qurbanı olaraq ciddi məhrumiyyətlərlə qarşı qarşıyadır. Bircə bunu söyləmək yetərlidir ki, 60-dan artıq ilahiyyatçı, sayları minə yaxın inanclı hal-hazırda inancı səbəbinən siyasi repressiya yaşıyaraq həbsxana həyatına məhkum edilib.
Hakimiyyət bununla da yekunlaşmadan hal-hazırda səlahiyyəti az qala tamamilə din əleyhinə “fətva” verməkdən başqa bir şey olmayan Ruhanilər İdarəsinin əli ilə müxtəlif dağıdıcı, ziddiyyətli addımları icra etdirməklə dini camiədə pozuculuq siyasətini davam etdirir.
Ötən illərdə Ramazan və Qurban bayramlarında yaşanan hallar çox acı təcrübə idi. Əksəriyyətinin ağzı oruc olduğu halda saxtakarlığı öz “ədalət” libasına bürüyən QMİ-nin ruhanilərinin Ramazanın son günündə “bayram namazı” qılmaları böyük utanc nümayişi idi. Hakimiyyətin Qurban bayramını bir gün tez olaraq qeyd etmək siyasəti isə bayram günündə minlərlə inanclının üzərinə məscid qapılarını bağlamaq kimi addımı bu hakimiyyətin idarəçilik sisteminə, Ruhanilər İdarəsinin fəaliyyət xəttinə qara hərflərlə yazdı.
İndi də məsələ Aşura retualına ünvanlanıb. Bütün İslam dünyası, əsasən Aşuranın şiə inancına bağlı məktəb olaraq qəbul edilən Hüseynin (ə) şəhadət günü Azərbaycanda bir gün tez, yəni məhərrəm ayının 9-cu günü qeyd ediləcək.
Bu addım növbəti dağıdıcı siyasət və məntiqsiz “fətvanın” ortaya qoyduğu bir olaydır. Şərqdən-Qərbə bütün şiə dünyası Aşuranı-Məhərrəm ayının 10-cu günü iyulun 6-da təsadüf edən gündə qeyd etdiyi halda QMİ Aşuranı iyulun 5-nə, bir gün tez olaraq qeyd edilməsinə “fətva” verib. Maraqlısı budur ki, iyulun 6-da Aşura qeyd etmək istəyən dini ocaqların elə Ramazan və Qurban bayramları kimi polis nəzarəti ilə qarşısı alınmaq tapşırığı verilib.
Bütün bunlarla yanaşı ortaya buraxılaraq bir neçə vəhhabi şeyxlərinə yaradılan münbit şəraitlə anti-şiə təbliğatının aparılması da eyni hədəfə əsaslanır. Lakin bununla hansısa bir uğura nail olmaq kimi xam xəyallara düşmək, bax bu doğurdan da gülüncdür. Bunun üçün özünüzdən öncəkilərə baxmaq yetərlidir ki, gələcəkdə siz də bu gün üçün necə qiymətlənəcəyinizi anlayasız.