İmran Əliyev 10, Elgiz Qəhrəman 9 il müddətinə azadlıqdan məhrum edilib

"Meclis. info” saytının rəhbəri İmran Əliyev və ictimai fəal Elgiz Qəhrəmanın ittiham olunduğu iş üzrə yekun məhkəmə prosesi keçirilib.

Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, İmran Əliyev 10, Elgiz Qəhrəman 9 il müddətinə azadlıqdan məhrum edilib. E.Qəhrəman məhkəmə zalında həbs edilib.

Digər təqsirləndirilən şəxs Tamella Musayevaya isə 4 ili sınaq müddəti olmaqla 7 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası verilib.

İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb, daha sonra ittiham ağırlaşdırılıb.

Elgiz Qəhrəman və Tamella Musayeva da eyni iş üzrə 2025-ci ilin fevralında cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.