Berlində Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək üçün sərgi və məktub aksiyası keçirilib

Berlin Divarının süqutuna həsr olunan “Berlin Freedom Week” (Berlin Azadlıq Həftəsi) çərçivəsində Almaniyanın paytaxtında Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək sərgisi və məktubyazma aksiyası keçirilib. Tədbiri “Mikroskop Media” və “Exile Team” təşkil edib.

Sərgidə “Meydan TV”, “Toplum TV” və “Abzas Media” əməkdaşlarından 10 nəfərin portreti göstərilib. Gələnlər jurnalistlərin fəaliyyəti, həbs səbəbləri və onlara qarşı irəli sürülən ittihamlar, bu redaksiyalardan neçə nəfərin həbs olunduğu barədə məlumat ala biliblər. Həmin redaksiyaların əməkdaşları əsasən valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunub, onlar ittihamları rədd edib işlərini jurnalist fəaliyyətinə görə təqib sayırlar.

“Mikroskop Media”nın həmtəsisçisi, araşdırmaçı jurnalist Fatimə Kərimovanın sözlərinə görə, yazılan məktubların fotoları vəkillər və ya ailə üzvləri vasitəsilə həbsdəkilərə çatdırılacaq. “Məktubların orijinalları isə saxlanılacaq və jurnalistlər azadlığa çıxdıqdan sonra onlara təqdim ediləcək”, - o deyib.

Kərimova hesab edir ki, Avropada siyasi səviyyədə Azərbaycandakı insan hüquqları problemlərinə kifayət qədər diqqət ayrılmır və bunu siyasi razılaşmalar və maraqlarla əlaqələndirir. Onun sözlərinə görə, media və vətəndaş cəmiyyətindən kənarda olan bir çox insan bir redaksiyanın 10, digərinin 7 əməkdaşının eyni vaxtda həbs oluna biləcəyini təsəvvür etməkdə çətinlik çəkir.

Tədbirdə xarici jurnalistlər və siyasətçilər, o cümlədən Almaniya Bundestaqının deputatı, Avropa Şurası Parlament Assambleyasında Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun sədri Frank Şvabe iştirak edib.

 

Arqument.az