“Döyüşə gedən əsgərin dini və mənəvi dəyərlərdən güc alması qəbul olunur, amma idman yarışında zəfərə gedəndə eyni hissləri ifadə etməsi yanlışdır?”

 

UFC turnirində Rafael Fiziyevin döyüşə mərsiyə sədaları altında çıxmasına etiraz edən deputat Fazil Mustafanın səsləndirdiyi fikirlərə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov fikir bildirib: “Hər bir xalqın, hər bir toplumun və millətin özünəməxsus xüsusiyyətləri, fərqləndirici cəhətləri, tarixi yaddaşı və mənəvi kodları olur. Böyük etnosların və millətlərin isə təkcə ümummilli atributları deyil, həm də regionlar üzrə formalaşmış adət-ənənələri, mədəni davranış modelləri, dini və dünyəvi baxışları mövcuddur. Bu xüsusiyyətlər əsrlər boyu formalaşaraq həmin xalqların kimliyinin ayrılmaz hissəsinə çevrilir.”

Kulturoloq dini və məzhəbi məsələlərə daha fərqli yanaşmanın vacibliyini vurğulayır. Onun fikrincə, mərsiyələrdən, şiə məzhəbinə aid mənəvi və mədəni atributlardan insanların həm gündəlik məişətdə, həm yas mərasimlərində, həm də ictimai-mədəni proseslərdə istifadə etməsindən narahatlıq keçirməyə ehtiyac yoxdur: “Mərsiyələr, İmam Hüseyn (ə) azadlığına və haqq mübarizəsinə həsr olunmuş dini-poetik nümunələr, əsrlər boyu insanlarımızın mənəvi dünyasının formalaşmasına təsir göstərib. Bunlar təkcə dini mətnlər deyil, eyni zamanda, ədəbiyyatımızın, fəlsəfəmizin və mənəvi irsimizin ayrılmaz hissəsidir.

Məgər Füzulinin ən möhtəşəm əsərlərindən biri bu ənənənin nümunəsi deyilmi? Məgər onun İmam Əliyə (ə), İmam Hüseynə (ə), İmam Həsənə (ə) və Həzrət Məhəmməd peyğəmbərə (ə) həsr etdiyi əsərlər Azərbaycan ədəbiyyatının incilərindən sayılmırmı? Bu xətt təkcə Füzuli ilə məhdudlaşmır. Yaradıcılığında da bunu görürük, poeziyasında da bunun şahidi oluruq. Ümumiyyətlə, Şərq və Azərbaycan poeziyasında Əliağa Vahidə qədər uzanan böyük bir istiqamət mövcuddur ki, bu istiqamət sırf dini, mənəvi və didaktik poeziya nümunələri vasitəsilə insanları ruhən kamilləşdirməyə, mənəvi dəyərlərə bağlamağa xidmət edib. Biz bu qədər dərin köklərə malik bir ənənəni birdən-birə silib kənara ata bilmərik.

Bu gün müxtəlif idman yarışlarında “Allahu Əkbər” deyərək meydana çıxan və ya mərsiyə sədaları altında yarışa qatılan idmançılara bəzən fərqli münasibət göstərilir, hətta onları tənqid edənlər də olur. Əgər biz buna mənfi yanaşırıqsa, onda Qarabağ müharibəsində mərsiyə oxuya-oxuya, dini motivasiyalarla, mənəvi güc alaraq döyüşə gedən, Şuşanı, Xankəndini və Qarabağı azad edən şəhidlərimizə və qazilərimizə nə deyəcəyik? Belə çıxır ki, ölümə gedəndə insanın dini və mənəvi dəyərlərdən güc alması qəbul olunur, amma qələbəyə, uğura və idman yarışında zəfərə gedəndə eyni hissləri ifadə etməsi qəbul edilmir. Bu isə müəyyən mənada ziddiyyət yaradır. Çünki insanın mənəvi dayaqları həyatın bütün sahələrində onunla birlikdə olur.

Azərbaycanda yaşayan insanların arasında ateistlər də var, vəhhabilər, sələfilər, əhli-sünnənin müxtəlif məzhəblərinə mənsub olan insanlar da. Hətta yəhudiliyə və xristianlığa maraq göstərən, missioner təsirləri nəticəsində dini seçimlərini dəyişən şəxslər mövcuddur. Azərbaycan cəmiyyəti və dövləti isə bütün bunlara qarşı tolerant münasibət nümayiş etdirir. Bəs o zaman Azərbaycan xalqının böyük əksəriyyətinin mənsub olduğu şiə məzhəbi ilə bağlı hansısa mərsiyə, dini musiqi və ya klip ortaya çıxanda niyə onun üzərinə bu qədər gedilir? Əgər biz tolerantlıqdan danışırıqsa, bu, birtərəfli deyil, qarşılıqlı olmalıdır. Əks halda ortaya “ikili standartlar” çıxır və bu da cəmiyyət daxilində əlavə gərginlik yarada bilər.

Cənubdan gələn dini təsirlərə və texnologiyalara gəldikdə isə, əlbəttə, onların faydalı və sağlam tərəflərini götürmək mümkündür. Lakin bu məsələyə yalnız “fars dini düşüncəsi” və ya “şiə mühafizəkarlığı” prizmasından baxmaq da doğru deyil. Azərbaycanın öz dini-mənəvi mühiti, öz ideoloqları, öz dindarları və öz mənəvi məktəbi var. Bu məktəb təkcə mərsiyələr yaratmayıb, həm də fəlsəfə, düşüncə və ideologiya formalaşdırıb. Bu irsin içərisində Azərbaycan dövlətçiliyinə, milli maraqlara və xalqın mənəvi inkişafına xidmət edən çox ciddi dəyərlər mövcuddur. Necə ki, dövründə Qızılbaş-Səfəvi ideologiyası böyük bir dövlət və imperiya quruculuğunun təməlində dayanmışdı, bu gün də milli və mənəvi dəyərlərimizin sağlam tərəfləri insanlarımızın inkişafına, milli həmrəyliyə və mənəvi yüksəlişinə xidmət edə bilər”.

Aydın Xan Əbilovun fikrincə, təhlükəli ideoloji tendensiyalar varsa, onların araşdırılması və qarşısının alınması ilə ayrı-ayrı şəxslər deyil, məhz dövlət qurumları məşğul olmalıdır: “Bu, ilk növbədə dövlət qurumlarının və aidiyyəti strukturların vəzifəsidir. Həmin qurumlar bu sahəni dərindən bilən mütəxəssislərlə, araşdırmaçılarla və ekspertlərlə daim əlaqədə olmalı, ideoloji prosesləri izləməli və problemli məsələlərə məhz dövlətçilik mövqeyindən yanaşmalıdırlar.

Bu baxımdan mən yenə hesab edirəm ki, istər idmançı olsun, istər siyasətçi, istər din xadimi, istərsə də sıravi vətəndaş, hər kəs üçün birinci yerdə Azərbaycan sevgisi, Azərbaycan dövlətçiliyi və Azərbaycançılıq düşüncəsi dayanmalıdır. Biz ilk növbədə Azərbaycanın inkişafını, güclənməsini və gələcəyini düşünməli, digər məsələlərə isə məhz bu milli maraqlar prizmasından yanaşmalıyıq. Çünki bizi birləşdirən ən böyük dəyər də məhz Azərbaycan sevgisi və Azərbaycan dövlətinə bağlılıqdır”