Azərbaycan məhbus sayında Avropanın ikincisidir: alternativ cəzalar niyə işləmir?

Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə Avropa ölkələri sırasında ikincidir.  Bu, Avropa Şurasının 2025-ci il üzrə “Avropada həbsxanalar və məhbuslar” adlı illik hesabatında öz əksini tapıb.

Hesabatda bildirilir ki, Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə Azərbaycan yalnız hər yüz min nəfərə 458 məhbusun düşdüyü Türkiyədən geri qalır.

Azərbaycan həbsxanalarında hər 100 yerə isə 98 məhbus düşür. Azərbaycan bu göstərici ilə Avropa ölkələri sırasında 17-ci yerdədir.

Vəkil Fariz Namazlı “Toplum TV” - yə deyir ki, bunun birinci səbəbi həbs cəzasına üstünlük verən cəza siyasətidir.

“2025-ci ilin əvvəlində Azərbaycanda 27,673 məhbus olub. Bu, hər 100 min nəfərə 271 məhbus deməkdir. Bu rəqəm 2020-ci ildə 21,694 olub. Göründüyü kimi, 6 il ərzində həbsdə olan şəxslərin sayının artımında xeyli dəyişiklik olub. Digər səbəb ibtidai istintaq dövründə məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin geniş tətbiq edilməsidir. 1 yanvar 2025-ci ilə qədər olan hesabata görə, məhkumların 20.8 faizi istintaq dövründə həbs olunmuş şəxslərdir.” - deyə o bildirib

Fariz Namazlı qeyd edib ki, bu statistikada siyasi motivli həbslərin də rolu var:

“Son hesabata görə, Azərbaycanda 328 siyasi məhbus var. Əslində siyasi məhbusların sayı daha çoxdur, çünki bəzi şəxslər barədə tam məlumat əldə etmək olmadığından onların siyahıya salınması da mümkün olmur”.

Hüquqşünasın sözlərinə görə, həbsə alternativ qətimkan tədbirləri praktikada çox az tətbiq edilir.

“Məsələn, girov qətimkan tədbiri demək olar ki, tətbiq edilmir, ev dustaqlığı qətimkan tədbiri isə müəyyən kateqoriya cinayət işləri üzrə tətbiq edilə bilir. Ağır və ya xüsusilə ağır cinayət işlərində demək olar ki, 99% həbs qətimkan tədbiri seçilir”, - F.Namazlı bildirib.

O əlavə edib ki, həbs qətimkan tədbirlərinin seçilməsi ilə bağlı məhkəmə qərarları əksər hallarda yetərincə əsaslandırılmır:

“Həbs qətimkan tədbirlərinin seçilməsi barədə məhkəmə qərarlarına baxsaq, onların əsaslandırılmadığını görə bilərik. Hətta Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarlarda da Məhkəmə bu cür qərarların əsaslandırılmadığını xüsusi olaraq vurğulayır.  Xüsusən siyasi motivli işlərdə həbs qətimkan tədbirlərinin seçilməsində sui-istifadə hallarına yol verilir. Avropa Məhkəməsi indiyə qədər Konvensiyanın 18-ci maddəsinin pozuntusuna dair 34 qərar qəbul edib ki, bunların 13-ü Azərbaycana qarşı olub. Bu da onu göstərir ki, ölkədə siyasi motivli həbslər daha çoxdur və bu da təcrübədə bu tip işlərdə həbsin seçilməsində sui-istifadə hallarına yol açır.”

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc “Toplum TV” - yə deyir ki,  son illərdə Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan islahatlar nəticəsində cəza siyasətinin humanistləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Onun sözlərinə görə, 2017 və 2019-cu illərdə qəbul edilən qərarlardan sonra Cinayət Məcəlləsinin 300-dən çox maddəsində dəyişiklik edilib, bir sıra əməllər dekriminallaşdırılıb və probasiya xidməti formalaşdırılıb.

“Azərbaycan dövləti penitensiar müəssisələrdə daha çox insanın olmasında maraqlı deyil. Alternativ cəzaların tətbiqi həmin dövrdən sonra qat-qat artıb. Konkret desəm, probasiya sistemində 6 minə yaxın insan elektron nəzarət vasitələri ilə, azadlıqdan məhrum edilmədən cəza çəkir və bu özü yaxşı bir nəticədir”, - deputat deyib.

Deputat bildirib ki, məhbus sayının yüksək olmasının səbəbləri arasında narkotik cinayətləri xüsusi yer tutur.

“Azərbaycandakı məhkumların 35-40 faizə yaxını bilavasitə narkotik mənşəli cinayətlərlə bağlıdır. Bu, 7-8 mindən artıq insan deməkdir və şübhəsiz ki, ümumi statistikaya öz təsirini göstərir”, - o qeyd edib.

Bununla yanaşı, deputat hesab edir ki, hüquq müdafiəçilərinin səsləndirdiyi bəzi iradlar da nəzərə alınmalıdır.

“Bu məsələlərlə bağlı əsas iradlar məhkəmə orqanlarında şərti cəza sisteminin güclü işləməməsi, bəraət hökmlərinin azlığı və istintaqa aparılan proseslərin sonunda mütləq cəza verilməsi prinsipi ilə bağlıdır”, - deputat bildirib.

Onun fikrincə, problemin həlli yeni həbsxanaların tikilməsindən daha çox, hüquq sistemində islahatların davam etdirilməsi, maarifləndirmə tədbirlərinin gücləndirilməsi və cinayətlərin sosial-iqtisadi səbəblərinin aradan qaldırılmasından keçir.

“Ən başlıca məsələ yeni penitensiar müəssisələr tikmək deyil. Məhkəmə orqanları, qanunvericilik sistemi, maarifçilik, sosial-iqtisadi xarakterli məsələlər və cinayəti törədən səbəblər üzərində işləmək lazımdır”, - deputat vurğulayıb.