AXCP üzvü Zamin Salayev həyatına təhlükə olduğunu bildirir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayev həyatına təhlükə olduğunu bildirir.
Bu barədə partiya üzvü Ceyhun Novruzov sosial media hesabında, həbsdə olan fəala istinadla məlumat yayıb.
"11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbus Zamin Salayevə qarşı repressiyalar səngimək bilmir. Zamin bəy xəbər göndərib ki, ona qarşı çirkli oyunlar oynanılır və hətta ölüm təhlükəsi var. O, bildirib ki, cəzaçəkmə müəssisəsində baş verən özbaşınalıqlara, qanunsuzluqlara etiraz bildirdiyinə görə, rəhbərlik tərəfindən təzyiqlər olur. Zamin deyib ki, əgər bu yaxınlarda ölüm xəbəri çıxsa, "bilin ki, məni bunlar öldürdü". Zaminə qarşı repressiyalara son qoyulmasını tələb edirik", - C.Novruzov qeyd edib.
İddialarla bağlı aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.
Bu ilin fevral ayında isə Z.Salayevin cəzaçəkmə müəssisəsində cərimə kamerasına ("kars") salındığı bildirilirdi. O, həm də ürək xəstəliyindən əziyyət çəkir.
Zamin Salayev 2023-cü il fevralın 7-də “xuliqanlıq, silah qismində istifadə olunan əşyadan istifadə ilə törədildikdə" ittihamı ilə həbs edilib.
Dörd il müddətinə azadlıqdan məhrum edilən AXCP fəalı ittihamı rədd edərək siyasi fəaliyyətinə görə həbs edildiyini bildirib və 114 gün aclıq edib.
Hazırda AXCP-nin Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvünün uzunmüddətli həbsdə olduğu bildirilir