Hadrut qəsəbəsində məscid istifadəyə verilib

Hadrut qəsəbəsində təməli 2021-ci ilin oktyabrında qoyulan məscid inanclıların ixtiyarına verilib.

Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.

Məscid binasında köməkçi və dəstəmaz otaqları, imam otağı, icma zalı, işçilərin otağı və yataqxana otaqları nəzərdə tutulub. Binaların və obyektlərin tikinti sahəsi 689 m²-dir.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.