HƏMAS Əbu Übeydənin ölümünü təsdiqləyib

Qəssam briqadalarından rəsmi açıqlama

İzzəddin əl-Qəssam briqadaları – HƏMAS hərəkatının hərbi qanadı – bazar ertəsi yaydığı rəsmi bəyanatla Qəzza zolağında davam edən silahlı toqquşmalar zamanı bir qrup aparıcı komandirin və döyüşçünün şəhid olduğunu bildirib. Açıqlamada şəhidlərin “mübarizə meydanında, xalqı və torpağı müdafiə edərkən” həyatlarını itirdiyi vurğulanıb.

Briqadalar bəyanatında qəhrəman döyüşçülərin və rəhbər heyətin adlarını açıqlayaraq onların təşkilat və müqavimət tarixində mühüm rol oynadıqlarını qeyd edib.

Verilən məlumata görə, şəhid olanlar arasında Qəssam briqadalarının Baş Qərargah rəisi Məhəmməd Sinvar (Əbu İbrahim) da var. O, təşkilatın hərbi-strateji planlaşdırılmasında aparıcı fiqurlardan biri hesab olunurdu.

Eyni zamanda Rəfah briqadasının komandiri Məhəmməd Şəbənə (Əbu Ənəs), tanınmış komandir Höküm əl-İssa (Əbu Ömər), eləcə də Qəssam briqadalarının istehsal bölməsinin rəhbəri və əvvəlki əməliyyatlar üzrə məsul şəxsi olan şeyx, şəhid Raid Səəd (Əbu Muaz) da şəhidlər siyahısına daxil edilib.

Bəyanatda bildirilib ki, bu şəxslər illər boyu təşkilati quruculuqda, hərbi imkanların inkişafında və sahə əməliyyatlarının koordinasiyasında əsas rol oynayıblar.

 

“Əbu Ubeydə ümmətin səsi idi”

Qəssam briqadaları rəsmi sözçüsü kimi tanınan Əbu Ubeydənin də şəhid olduğu açıqlanıb. Onun əsl adının Hüzeyfə Səmir Abdullah əl-Kəhlut olduğu bildirilib. Bəyanatda vurğulanıb ki, Əbu Ubeydə “ümmətin gur səsi, Fələstin xalqının nəbzi və dərin təsirə malik bir sima” olub.

Yeni təyin olunmuş hərbi sözçü açıqlamasında qeyd edib ki, milyonlarla insanın çıxışlarını səbirsizliklə gözlədiyi maskalı sima olan Əbu Ubeydə “Əl-Əqsa tufanı” əməliyyatı zamanı Qəzza müqavimətinin mövqeyini dünyaya çatdırıb.

Açıqlamada 7 oktyabr hadisələrinin “zülmə, təzyiqə və mühasirəyə qarşı güclü partlayış” olduğu vurğulanıb. Bildirilib ki, müqavimət bütün öhdəliklərini xalqın maraqlarını nəzərə alaraq yerinə yetirib, buna baxmayaraq işğalçı tərəfin hücumları dayanmayıb.

Qəssam briqadaları beynəlxalq ictimaiyyətə çağırış edərək diqqətin “Fələstin silahlarına deyil, İsrailin ölümcül arsenalına” yönəldilməsini tələb edib. Eyni zamanda dünyada davam edən etiraz və həmrəylik aksiyalarının dayanmamasının vacibliyi vurğulanıb.

Bəyanatın sonunda İslam ümmətinə müraciət edilərək Qəzza üçün təcili humanitar yardım çağırışı edilib. Qəssam briqadaları Qəzza torpağına, suyuna, səmasına, qadınlarına, kişilərinə, uşaqlarına və müqavimətçilərinə salam göndərib.

Açıqlamada qeyd olunub ki, dağıdılmış evlərə, köhnəlmiş çadırlara və yorğun bədənlərə baxmayaraq, Qəzza xalqının imanı və iradəsi düşmənlərin təsəvvür etdiyindən daha güclüdür.