"Media haqqında" Qanuna dəyişiklik: fəaliyyət yenə məhdudlaşdırılır

Rövşən Hacıbəyli: "Belə bir şəraitdə "Media Haqqında" qanuna hər hansı dəyişikliyin edilib-edilməməsinin heç bir önəmi yoxdur"

Azərbaycan parlamenti ölkənin yerli və beynəlxalq tənqidlərə məruz qalan "Media haqqında" Qanununu yenidən məhdudlaşdırmağa hazırlaşır. 

Məclisdə müzakirə edilən əlavələrdə media subyektinin təsis edilməsinə, xarici media subyektlərinin qeydiyyatdan keçməsinə və ümumilikdə media subyektlərinin fəaliyyətlərinə dair tələblər genişlənir.

Belə ki, layihəyə təklif edilən yeni - 62.6-cı maddəyə əsasən, media subyektlərinin adları digər media subyektlərinin adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.

Digər tərəfdən, Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur. Reyestrdə olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnəcək.

Paralel olaraq, informasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir. Artıq informasiya agentliyinin azı 20 media ilə informasiya verilməsi haqqında müqaviləsi olmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalıdır.

Bununla bərabər, Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşib. Həmçinin, yeni layihədə qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir.

Bəs yeni dəyişikliklər ölkənin media mühitində necə effekt verəcək?

Jurnalist Rövşən Hacıbəyli deyir ki, Azərbaycanda qəzetləri və agentlikləri, saytları maliyyələşdirən hakimiyyət jurnalistlərin azadlığına müdaxilə edib onların gün ərzində neçə informasiya yazmasına limit qoyub; qaza, işığa limit qoyduğu kimi...

Onun sözlərinə görə, "Media haqqında" Qanunun "Media azadlığı" adlanan 5-ci maddəsində yazılıb ki, media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir, ancaq yeni təkliflər bununla ziddiyət təşkil edir. 

"Ancaq bunlar “yaradıcılıq və redaksiya müstəqilliyi” hüququnu qanunla tanıdıqları qurumlara nədən və necə yazmaq qadağası ilə bərabər neçə informasiya yazmaq tələbi də qoyurlar. Belə bir şəraitdə Media Haqqında qanuna hər hansı dəyişikliyin edilib-edilməməsinin heç bir önəmi yoxdur. 2021-ci ildə “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən mürtəce dəyişikliklərlə, əslində mətbuatın problemini biryolluq həll edib azad mətbuatı küncə sıxmışdılar. Görünür, yeni qadağalara ehtiyac yaranıb. Bu üzdən Prezident Administrasiyası yenidən məsələyə müdaxilə edib, MEDİA Agentliyinin əli ilə", - o bildirib. 

Rövşən Hacıbəyli deyir ki, dəyişikliklərdən birini onunla əsaslandırırlar ki, guya müxtəlif media subyektləri formalaşdırdıqları brendin adından sui-istifadə halları ilə bağlı MEDİA Agentliyinə dəfələrlə müraciətlər edib və bu istiqamətdə ciddi addımların atılması ilə bağlı təkliflər irəli sürüblər. Ancaq bu tamamilə uydurmadır:

"O halda inandırıcı olardı ki, o subyektlərin müraciətləri və təklifləri ictimaiyyətə açıqlanardı, konkret adlar, təkliflərlə. Yoxdur belə bir şey. Prezident Administrasiyası dəyişikliklər paketini hazırlayıb saxta seçkilərlə formalaşmış Milli Məclisə göndərib, MEDİA Agentliyi adından. Təklifi Milli Məclisin müzakirəsinə çıxarmaq İnsan Hüquqları komitəsinə tapşırılıb. Formal müzakirə keçirilir, bir neçə gündən sonra Milli Məclis səs çoxluğu ilə qanuna dəyişikliyi qəbul edəcək. Heç deputatların çoxunun bundan xəbəri olmayacaq, sadəcə səslərini verəcəklər, başqa qanunların qəbulunda olduğu kimi".

Jurnalist deyir ki, təklif olunan dəyişikliklər içərisində diqqətini daha çox çəkən saxta məlumatların dərc edilməsinə yol verilməməsilə bağlı hissədir. 

Onun fikrincə, bu, çox gecikmiş təklifdir, bu təklif ən azı elə qanun 2021-ci ildə yenidən yazılanda, “KİV haqqında” qanun ləğv ediləndə qüvvəyə minməli idi. 

"Belə olardısa, "Abzas Media", "Toplum TV", "Meydan TV" əməkdaşları saxta ittihamlarla tutulub türməyə doldurulanda onlarla bağlı yazılar reyestrli media resurslarında yayılmazdı. Saxta məlumatlar olduğu üçün bunu yazan media resursları ya qanunla cəzalandırılardı, ya da qanunun qorxusundan saxtakarlığa yol verməzdi. Yalan, saxta məlumatlar yayan elə bu qanunları qəbul etdirənlərdir. Qanunlara edilən antidemokratik dəyişikliklərlə onlar media mühitini tamamilə sıradan çıxarıblar, ələbaxan, sözəbaxan, deyiləni, icazə veriləni yazan media formalaşdırıblar. Əllərində olan icazəli media yuxarıdan göndərilən mətnlərə hərə öz imzasını qoyub yayır, dəfələrlə eyni stilli belə materiallara şahid olmuşuq", - o bildirib. 

Cərimələr məsələsinə də toxunan jurnalist deyir ki, hakimiyyət çoxdan “cərimə dövləti” adını üzərinə götürüb. 

"Burda kimin hansısa hüququ var ki?! Media icazəli, icazəsiz çətiri altına salınandan sonra onunla necə rəftar edilməsinin anlamı qalmır. Burada ən maraqlı məqam mürtəce dəyişikliklərin, jurnalist hüquqlarını pozan qanunun İnsan Hüquqları komitəsinin süzgəcindən keçirilməsidir", - jurnalist Rövşən Hacıbəyli bildirib.

 

AbzasMedia