İnanclı Azad Kərimov azadlıqdan məhrum edildi

Fevralın 27-də Müsəlman Birliyi Hərəkatının daha bir üzvü, Azad Kərimovun məhkəmə prossesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Azad Kərimov barəsində CM-nin 234.4.3 (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) və 167-2.1. (Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma) maddələri ilə ittiham aktına baxılıb. Hakim Fəxri Məmmədov şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. O, ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək 3 il və 167-2.1-ci maddənin tələbinə uyğun olaraq 6 ay olmaqla Azad Kərimovu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Azad Kərimov 2023-cü ilin 30 yanvar tarixində saxlanılıb. O, şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində tutulub. Hələ də davam edən həbslər, günahsız inanclıların “təmizlənməsini” həyata keçirir ki, bu sırada MBH üzvlərinin sayı 68-ə yüksəlib.