Həbsdə olan blogerin məhkəmə prosesi keçirilib

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloger Rəşad Ramazanovun məhkəmə prosesi keçirilib. İclasda Rəşad Ramazanovun həbs olunarkən fiziki işgəncəyə məruz qalması haqqında vəkil Elçn Sadıqovun ötən iclasda qaldırdığı vəsatət məhkəmə tərəfindən təmin olunub. Bu barədə vəkil özü məlumat verib. Onun sözlərinə görə, Ramazanovun işgəncəyə məruz qalması ekspertlər tərəfindən də təsdiqlənib. Ramazanov bildirib ki, o, həbs olunarkən üzərində narkotik olmayıb.

"Polislər onu döyüb, sonra da digər otaqdan narkotik bağlamasını gətiriblər. Hakim Ramazanovu dinləmək istəməyərək "dediklərini gələn iclasa yaz gətir" deyib. Ramazanov da "elə yazdığım üçün buradayam" - deyə, cavab verib".
Növbəti məhkəmə prosesi mayın 25-ə təyin olunub.
Rəşad Ramazanov 2022-ci il mayın 20-də saxlanılıb, ertəsi gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu maddə ilə o, 5 ildən 12 ilədək azadlıqdan məhrum oluna bilər.
Rəşad Ramazanov 2013-cü ilin mayında da həbs edilib və külli miqdarda narkotik vasitəsinin qanunsuz dövriyyəsində ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilib. Yerli hüquq-müdafiə təşkilatları həbsin əsl səbəbinin sosial şəbəkələrdə hakimiyyətin tənqidi olduğunu bildirərək Ramazanovu siyasi məhbus kimi tanıyıblar. 2019-cu ilin martında Ramazanov əfv sərəncamı ilə azadlığa buraxılıb.
 
Amerikanın Səsi.