“Amnesty International”: Azərbaycan və Rusiya insan ləyaqətinə qarşı tam etinasızlıq nümayiş etdiriblər

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı son günlərdə Rusiyada azərbaycanlılara, Azərbaycanda isə ruslara qarşı aparılan zorakı həbsləri pisləyib. 

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazersin dediyinə görə, həm Rusiya, həm də Azərbaycan hakimiyyət orqanları “insan ləyaqətinə və insan hüquqları üzrə öhdəliklərinə açıq şəkildə etinasızlıq” nümayiş etdiriblər.

“Beynəlxalq hüquqa əsasən, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar qəti şəkildə qadağandır və bunun üçün heç bir əsas ola bilməz. Baş verənlər, milli mənsubiyyət və etnik kimlik əsasında hədəflərin seçildiyi bir sıra polis əməliyyatlarını xatırladır”, - o bildirib. 

“Saxlanılan şəxslərin hüquqları, prosessual təminatlar və insan hüquqlarına hörmət, dövlətlərarası siyasi gərginlik şəraitində belə üstün tutulmalıdır. Rusiya və Azərbaycan hakimiyyətləri qeyri-qanuni qətllər, işgəncə və digər pis rəftar iddialarını təcili, hərtərəfli, müstəqil və qərəzsiz şəkildə araşdırmalı və məsul şəxsləri ədalət qarşısına çıxarmalıdır,” – deyə Strazers vurğulayıb.

Azərbaycanla Rusiya arasında iyunun 27-də Yekaterinburqda iki azərbaycanlının öldürülməsi ilə başlayan gərginlik qızışmağa davam edir. 

Ötən müddətdə ölkələr bir-birinin səfirlərini çağırıb nota veriblər. Azərbaycanda “Sputnik” saytının əməkdaşlarına cinayət işi açılıb, 2-si həbs olunub.

Həm Azərbaycanda, həm Rusiyada zorakı həbslər davam edib. 

Azərbaycanda iyulun 1-də 8 Rusiya vətəndaşı narkotik maddələrin tranziti  dövriyyəsi və kiberdələduzluq ittihamları ilə həbs edilib. Səbail Rayon Məhkəməsi onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

8 nəfərin saxlanılmasının görüntüləri hökumətyönlü mediaya sızdırılıb. Onların xüsusi təyinatlı polislər tərəfindən, ağır cinayətlər törətmiş mütəşəkkil dəstə kimi saxlanılması diqqətdən qaçmayıb. Həmçinin, sonradan məhkəmədən çəkilən fotolarda rusların bəzilərinin üzlərində işgəncə izləri, geyimlərində qan ləkəsi gözə çarpır. 

İyulun 2-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

XİN-in məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə, Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə “xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz” qarşı tərəfin diqqətinə çatdırılıb.

 

ToplumTV