İsrail Qəzzada 56 647 fələstinlini qətlə yetirib

İsrail Qəzza sektorunda günahsız Fələstin xalqına qarşı qətliam, soyqırımı və hərbi cinayətlərini davam etdirir.

Qəzza sektorunun Səhiyyə Nazirliyi İsrail bombardmanlarının və hücumlarının qurbanlarının sayına dair yenilənmiş məlumatı dərc edib.

Bildirilib ki, təkcə son 24 saat ərzində İsrail 116 günahsız qəzzalını qətlə yetirib, 463 nəfəri isə yaralayıb.

Beləliklə də, İsrail ordusunun 2023-cü il 7 oktyabrdan bəri amansızcasına öldürdüyü dinc fələstinlilərin sayı 56 647 nəfərə, yaraladıqlarının sayı isə 134 105 nəfərə çatıb. Həmçinin minlərlə Qəzza sakini isə itkin düşüb.

Qeyd edək ki, İsrailin qətlə yetirdiyi sıravi fələstinlilərin böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

Həmçinin İsrailin tətbiq etdiyi hərtərəfli mühasirə – havadan, sudan və qurudan blokada nəticəsində bölgədə humanitar fəlakət yaşanmaqdadır, insanlar ərzaq, su, yanacaq və dərman kimi həyati əhəmiyyətli resursların çatışmazlığını yaşayırlar, çox sayda dinc sakin, xüsusilə də uşaqlar aclıqdan dünyalarını dəyişirlər.

Ekspertlər hesab edirlər ki, soyqırımı nəticəsində həyatını itirən qəzzalıların sayı qat-qat çoxdur, çünki Qəzzanın Səhiyyə Nazirliyi yalnız aşkar edərək dəfn edə bildiyi cəsədlərin sayını hesablaya bilir.