Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın iki güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında uğurlu çıxış edib.

Azərbaycan Güləş Federasiyasından "Unikal"a verilən məlumata görə, sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda medalçılar müəyyənləşib.

Vasif Bağırov (57 kiloqram) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb. Həlledici görüş xala-xal prinsipi ilə keçib. Güləşçimiz uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabı ilə məğlub olan Vasif gümüş medalla kifayətlənib.

Nurudin Maqomedqadjiyev (79 kiloqram) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabı ilə məğlub olub.

Xetaq Karsanov (97 kiloqram) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar qələbə (5:4) qələbə qazanan Xetaq Avropa çempionu olub.