Dünya sionizmə etiraz etdiyi bir vaxtda Azərbaycanda ravvinlərin böyük toplantısı keçiriləcək

Dünya İsrailin və sionizmin irticaçı mahiyyətinə qarşı etirazlarla çalxalanarkən, Azərbaycanın bu qüvvələrə yenidən qucaq açması haqlı suallar doğurur. 3–6 noyabr tarixlərində ravvinlərin (sionist din xadimlərinin) Azərbaycanda toplantı keçirməsi planlaşdırılır. Bu tədbirin reallaşması, şübhəsiz ki, hakimiyyətin birbaşa dəstəyi sayəsində mümkündür. Sayı 500-dən artıq olan din xadimlərinin belə bir görüşünün regional gərginlik fonunda, hətta ölkə qanunlarının tələbləri nəzərə alınmadan keçirilməsi ciddi narahatlıq doğurur.

İsrail son iki ildə Qəzzada törətdiyi soyqırımla bir daha öz mahiyyətini nümayiş etdirdi. Bu vəhşiliyin ən bariz xüsusiyyəti körpələr və qadınlar da daxil olmaqla dinc əhalinin amansızcasına qətlə yetirilməsidir. Bu, heç bir qanunla, heç bir dini dəyərlə uzlaşmayan insanlıq əleyhinə bir cinayətdir.

İsrailin qonşuluq siyasəti və regional münasibətləri gərginləşdirən addımları göstərir ki, bu rejim beynəlxalq qaydalardan deyil, yalnız öz maraqlarından çıxış edir. Yaxın Şərqi qan çanağına çevirən bu siyasət bir daha sübut edir ki, gücə əsaslanan sistem heç bir dövlət üçün etibarlı müttəfiq ola bilməz.

İsrailin beynəlxalq hüququ dəfələrlə pozması, özü imzaladığı müqavilələri ayaqlaması, dağıdıcılıq və qətliam siyasəti aparması onu hər hansı xüsusi münasibət üçün etibarsız tərəfdaşa çevirir. Bu da sionizmin zərərli və dağıdıcı bir ideologiya olduğunu bir daha təsdiqləyir.

Belə bir şəraitdə milyonlarla insanın qınadığı, bir çox ölkələrin əlaqələrini məhdudlaşdırdığı, beynəlxalq layihələrdən kənarda saxladığı İsrail üçün Azərbaycan hakimiyyətinin qapıları taybatay açması, təəssüf və təəccüb doğurur. Dost, qardaş və müttəfiq dövlətlərimizin istisnasız şəkildə etiraz etdiyi bir tədbirin məhz Azərbaycanda keçirilməsi xalq olaraq bizə hörmətsizlik və alçaldıcılıq gətirir.

Bundan əlavə, ölkə qanunları dini tədbirlərin keçirilməsinə ciddi məhdudiyyətlər qoyduğu halda, 500 sionist din xadiminin Azərbaycanda toplanmasına icazə verilməsi hüquq sistemimizin selektiv şəkildə tətbiq olunduğunu göstərir. Hətta bəzən küçədə ehsan paylayan vətəndaşların belə cəzalandırıldığı bir ölkədə bu tədbirin keçirilməsi ikiüzlü yanaşmanın bariz nümunəsidir.

Hakimiyyətin belə bir toplantının keçirilməsinə razılıq verməsi onun müəyyən öhdəlik və məcburiyyətlər altında olduğunu göstərir. Əks halda, həm daxildə, həm də xaricdə yaranacaq reaksiyaları nəzərə almadan bu tədbirin məhz Azərbaycanda – ilk müsəlman ölkəsində – keçirilməsinə razılıq vermək ağlabatan olmazdı.

Təəssüf və təəccüblə qeyd etmək lazımdır ki, rejim artıq bu tədbirə hazırlıqlara başlayıb və bununla əlaqədar ölkədə gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görüləcəyi bildirilir.