Şeyx Sərdarın oktyabrın 16-da keçirilən məhkəmə iclasındakı çıxışı

Şeyx Sərdar çıxışında bildirib ki, mənə 1 saylı Cəzaçəkmə Müəsissəsində 12 bənddən ibarət protokol tərtib ediblər. Güya ki, mən bu 12 bənddə qeyd olunan qanunsuzluqları etmişəm, tabesizlik göstərmişəm və s. 1 saylı Cəzaçəkmə Müəssisəsində elə bir yer yoxdur ki, həmin yer kameranın baxış bucağında olmasın. Orada hər bir nöqtənin kamera görüntüsü var. Mənə burda 12 bənddən ibarət qanun pozuntusu və cəza ilə bağlı protokol tərtib edilib, amma heç birinin görüntüsü təqdim olunmur. Başqa dustaqlar hər hansı bir pozuntu edəndə, onun məhkəmədə həmin cəzaçəkmə müəssisəsi tərəfindən görüntüsü də təqdim olunur. Amma məndə bunun heç biri yoxdur. 1 saylı CM-nin daxili qaydalarına əsasən, diş pastasını belə həbsxanaya - məhkumun yanına gətiriləndə, pinqivin kloka tamamilə boşaldıb dustağa verilir. Deyəndə ki, mən narkaman deyiləm, deyirlər ki, hacı, biz bilirik, amma kamerlarla bizə də nəzarət var. Necə olur ki, bu qədər dəqiq formada işləri görən həmin CM-də mənim barəmdəki 12 bəndlik protokola dair bir dənə də olsun, kamera görüntüsü təqdim etmirlər.
Mənə qarşı tərtib olunan 12 bəndlik protokolun 7 bəndi bundan qabaq - 1 il müddətinə qapalı tipli həbsxanaya göndərdikləri protokolun eynisidir, sanki ordan kopyalayıb bura yönləndiriblər. Qalan 5 bənd də tamamilə yalan, şər və böhtandır. Məsələn, bəndin birində deyilir ki, güya, mən qanunsuz tələblər etmişəm. Lakin qanunsuz tələb hansı tələblərdən ibarətdir, onu deyə bilmirlər. Halbuki mən qanuni tələblərimi belə onlardan istəməmişəm. Şəkər dərmanımı belə istəmək üçün qarmoşkaya yaxınlaşmamışam ki, birdən, kameraya düşər deyə, nadzor yaxasını cırıb məni şərləyər. Digər bənddə yazılıb ki güya mən "gecə yat" əmrindən sonra otaq yoldaşıma radikal dini ekstremist təbliğat aparmışam. Bu bənd hırla-zırı qanmayan gecə nöbətçisinin izahatı əsasındadır. Mənim sözüm budur ki, hətta mən danışmışamsa da, bunun radikal dini ekstremist təbliğat olduğunu təyin etmək gecə növbətçisinin səlahiyyətində deyil. Həmin danışıq aidiyyatı quruma göndərilməli və bu barədə mütəxəssis rəyi olmalı idi. Digər bənddə deyilir ki, güya mən fılan tarixdə, saat 10:15-də qanun pozuntusu etmişəm; hanısı ki həmin gün saat 09:15-də mənim kars müddətim bitmişdir. Mən 10:15-də karsda hansı əsasla və nəyə görə qalmışdım ki, orada pozuntu da etmiş olurdum?. Mən bilirəm ki, siz də bütün bunlara qulaq asdıqdan sonra hökmü qüvvədə saxlayacaqsınız. Məni şərləyənlər, həbsimin hökmünü verənlər bütün bu saxtakarlğı və qanunsuzluğu sizin əlinizlə və sizin imzanızla həyata keçirib qanuniləşdirirlər. O gün sizin qurumun konfransına baxırdım, elə gözəl sözlər deyilirdi ki, güya məhkəmələr üçüncü dövlətdir. Qanun məhkəmələrdə əksini tapır... Hamısı yalan yalan sözlər... Brejnevin vaxtında belə bir yumor səhnəsi var idi: Güya Brejnevlə Marqaret Tetçer görüşür. Brejnev Marqaret Tetçerlə üz-üzə oturub kağızın üzündən oxuyur, yoldaş İndra Qandi, kənardan deyirlər, yoldaş Brejnev Marqaret Tetçer. Brejnev davam edir: Yoldaş İndra Qandi, kənardan deyirlər, yoldaş Brejnev, siz görmürsünüz ki, bu İndra Qandi deyil, cavab verir: görürəm, amma burada yazıb İndra Qandi.
Cənab Hakim bilirəm ki, sizin qarşınızda nə yazılıbsa, siz sonda onu deyəcəksiniz. Siz hakimlər bu gün Azərbaycanda məhkumsunuz. Hakimlər azad olanda, mən də azad olacağam. Keçən məhkəmədə də dedim, bir də baxdım ki, məni şərləyib qapalı həbsxanaya göndərmək üçün 34 nəfər çiyni paqonlu rəsmini alçaldıb yalana imza etməyə məcbur ediblər. İnanın, bu qədər kənardan şərəfli görünən insanı alçaltmaq əvəzinə, bir nəfər gəlib məndən xahiş etsəydi, gedib bir il o krıtıda oturardım. Bu 34 nəfərin şərəf və ləyaqətini alçatmağa ehtiyac yox idi. Bu mənim ikinci həbsimdir. Bundan öncə də 3 illik həbs olunmuşam. 3 illik həbs zamanı mənə burada - həbsxanada, pentensiar xidmət və başqa vasitələrlə mənə çatdırıldı ki, bundan qabaq mənim 3 illik həbsim Ramiz Mehdiyevin birbaşa sifarişi ilə olub. Dünən eşitdim ki, Ramizin özünü dövlətə xəyanətdə təqsirli bilib, ev dustağı ediblər. Geci -tezi var, sonda kimin xain, kimin xadim olduğu üzə çıxacaq. İndi də mənə 17 il həbs verilib və bu 17 il həbs cəzası ilə ürəkləri soyumur , 17 il kifayət deyil, düşüblüər arxamca, 4 ildir ki, mənə işıq üzü göstərilmir. 4 ildir ki, mən ancaq qapalı şəraitdə saxlanılıram. Baxın, mənə 6 ay həbsxana rejimi veriblər, bu dəfə oranın qaydalarına görə, mən ora naruşitel kimi gedirəm. Bu o deməkdir ki, 6 ay mənə telefon, sovğat, görüş verilməyəcək. Bu əziyyətlər, artıq məndən keçib, ailəmə qarşı tətbiq olunan cəzadır və bu ədalətsizlikdir. Yəni mənim 82 yaşlı anamın nə günahı var ki, 6 ay səsimi eşitməsin, üzümü görməsin. Sizdə insansınız, insani hisslərlə baxın, məni 4 nəfərlik kameraya verəcəklər, 6 ay mənə sovğat gəlməyəcək, ölkənin iqtisadi baxımdan bu ağır vəziyyətində otaq yoldaşlarımın sovqatından yesəm, mən əzab çəkəcəyəm, yeməsəm, onlar əziyyət çəkəcəklər. Bu 6 ay bir şey deyil, mən bu hökmlə razılaşmayıb məhkəməyə verdiyim üçün elə 6 aya yaxındır ki, günüm karslarda, PKT-lərdə keçir. Öz ölkəmdə, öz vətənimdə yaşadığım müsibətlər daşın başına gəlsəydi, daş çartlardı, gündüzün başına gəlsəydi, qaralardı. Rəbbimin yardımı ilə hamısının öhdəsindən gəlmişəm. Rəbbim bilir ki, mənim günahım yoxdur. Bütün bu deyilənlər şər, böhtandır.
Və sonda Hakimlər utanc hissi ilə kağızda yazaılan sifarişə əsasən, hökmü qüvvədə saxladılar.