Təl-Əvivdəki “Ben-Gurion” hava limanı uçuşların gecikməsinə görə dünya antireytinqində birinci yerə yüksəlib

“Ben-Gurion” adına beynəlxalq hava limanı cədvəldə ciddi fasilələrlə üzləşib. “Flightradar24” servisinin aktual məlumatlarına görə, Təl-Əvivin hava limanı yola düşən reyslərin gecikmə sayına görə dünyada birinci yeri tutub. Uçuşu gözləmə müddəti orta hesabla 70 dəqiqədən 90 dəqiqəyə qədər təşkil edir. Uçuş və enişlərin ümumi statistikası nəzərə alındıqda isə aeroport qlobal antireytinqin onuncu pilləsində qərarlaşıb.

Kütləvi gecikmələrə səbəb əməkdaşların 2026-cı il avqustun 20-də keçirdiyi qəfil etiraz aksiyası olub. Tətil günortadan qısa müddət sonra başlayıb və saat 14:00-da pik həddə çatıb. Bu səbəbdən sərnişinlərə xidmət göstərilməsi və reyslərə qeydiyyat bir saatdan çox müddətə tamamilə dayandırılıb.

“Ynet”in məlumatına görə, 1 və 3-cü terminallardakı qeydiyyat masaları avqustun 20-si ilə müqayisədə daha az yüklənib, vəziyyət tədricən sabitləşir və adət olunmuş rejimə qayıdır. Bununla belə, növbələrdə gözləmə müddəti hələ də uzundur, “duty free” zonasında və minik keçidlərində böyük sıxlıq müşahid olunur. Baqaj verilməsi zonasında da sərnişinlər çamadanları həddindən artıq çox gözlədiklərini bildirirlər.

Avqustun 20-də yola düşməli olan reyslərin bir hissəsi hələ də havaya qalxmayıb. Uçuş lövhəsi reyslərin orta hesabla 2 saat gecikdiyini göstərir.

Avqustun 20-də “Ben-Gurion”da yaşanan xaos səbəbindən minlərlə sərnişin terminallarda ilişib qalıb, hərəkət qrafiki tamamilə pozulub, bir çox sərnişin isə baqajlar vaxtında çatdırılmadığı üçün çamadanları olmadan uçmalı olub.