İsrail-Türkiyə münasibətləri kəskinləşir – Müharibə olacaqmı?

Binyamin Netanyahunun və İsrael Katsın Türkiyə ünvanına açıqlamaları münasibətlərin kəskinləşməsi fonunda son dərəcə təhlükəli hesab olunur.

“İsrail təhlükəsizlik strukturları Baş nazir Binyamin Netanyahunun və Müdafiə naziri İsrael Katsın Türkiyəyə qarşı verdiyi bəyanatlardan narahatdır. Təhlükəsizlik sisteminin nümayəndələrinin fikrincə, bu cür ritorika Türkiyə ilə münasibətlərdə lüzumsuz gərginliyə səbəb ola bilər”, – bu barədə İsrailin 12-ci kanal məlumat verir.

Bununla belə, İsrail Ankaranın Suriyadakı təsirini artırmaq cəhdlərini diqqətlə izləyir və gələcəkdə bu addımlara qarşı durmaq ehtimalına hazırlaşır. Gərginlik çərşənbə axşamına keçən gecə İdlib əyalətində, Türkiyə sərhədindən təxminən 70 kilometr məsafədə yerləşən Əbu əd-Duhur hərbi aerodromuna endirilən zərbədən sonra kəskin şəkildə artıb.

İsrail mediasının məlumatına görə, əməliyyatın təşəbbüskarı Türkiyənin Suriyadakı mövcudluğunun güclənməsinin qarşısını almağa çalışan İsrail Müdafiə Qüvvələri komandanlığı olub. Eyni zamanda, İsrail təhlükəsizlik strukturları Türkiyə ilə birbaşa gərginlikdən qaçmaq üçün zərbə haqqında məlumatı gizli saxlamaq istəyirdilər.

İsrailin 12-ci kanalı qeyd edir ki, lakin daha sonra İsrailin siyasi rəhbərliyi tərəfindən bir sıra kəskin açıqlamalar gəlib. Cümə axşamı Kats Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edərək, onun ölkəsini Suriyada təhlükəli avantüralara çəkdiyini bildirib. İsrailin Müdafiə naziri həmçinin Türkiyə liderini məsərəyə qoyaraq, ona parlamentdə İsrailə qarşı xəyali çıxışlarla kifayətlənməyi və ölkəmizin özünü müdafiə etmək qətiyyətini sınamamağı tövsiyə edib. Növbəti gün Netanyahu Ankaraya qarşı ritorikanı daha da sərtləşdirərək Ərdoğanı “kürdlərin qətliamında iştirak edən, HƏMAS-ın əməllərini dəstəkləyən və öz xalqını sıxışdıran antisemit diktator” adlandırıb.

İsrail təhlükəsizlik sistemində bu bəyanatlar mənfi qarşılandı. İsrail tərəfinin narahatlığı budur ki, bu çıxışlar gərginliyi artıra və ehtiyac olmadan Türkiyə ilə münasibətlərin daha da pisləşməsinə gətirib çıxara bilər. Bu narahatlıqlar xüsusilə İsrailin yaxın vaxtlarda Ankaranın Suriyadakı mövqelərini möhkəmləndirmək üçün yeni cəhdlərinin qarşısını almalı ola biləcəyi barədə qiymətləndirmələr fonunda aktualdır.

Bu səbəbdən təhlükəsizlik strukturları vəziyyətin İsrail və Türkiyə arasında açıq müharibəyə çevrilməsinə imkan verməmək üçün bu cür əməliyyatları artıq səs-küy salmadan keçirməyə üstünlük verirlər.