10 saylı CÇM-də döyülən məhkum aclıq aksiyasına başlayıb

10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Sərxan Quliyevin məruz qaldığı zorakılığa və telefon danışıqlarının məhdudlaşdırılmasına etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.

"Abzas Media"nın əldə etdiyi məlumata görə, Quliyev aclıq aksiyası ilə ona qarşı zorakılığın dayandırılmasını, həmçinin digər məhkumlarla üz-üzə qoyulmasına son verilməsini tələb edir.

Mənbələr bildirirlər ki, müəssisə rəhbərliyi bundan əvvəl də ayrı-ayrı məhkumlarla bağlı baş verən hadisələri əsas gətirərək bütün dustaqlara məhdudiyyətlər tətbiq edib. Onların fikrincə, belə yanaşma məhkumların bir-biri ilə qarşıdurmasına və aralarında ədavətin yaranmasına səbəb olur.

“Həbsxana rəhbərlərinin ilkin vəzifəsi məhkumların təhlükəsizliyini təmin etməkdir. Onlar isə dustaqlar arasında ədavət yaratmaqla əksinə onların həyatını təhlükəyə salırlar. Belə oyunlar 10 saylı Cəzaçəkmə Müəssisəsində bundan əvvəl də baş verib”, - “Abzas Media”ya məlumat verən məhkumlar bildiriblər.

“Abzas Media” Sərxan Quliyevlə bağlı iddialara münasibət öyrənmək üçün Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və 10 saylı Cəzaçəkmə Müəssisəsinə sorğu göndərib. Material dərc olunanadək sorğulara cavab verilməyib.

Penitensiar Xidmət bundan əvvəl məhkumlarla rəftar və saxlanma şəraiti ilə bağlı şikayətlərə cavablarında penitensiar müəssisələrdə məhkumların hüquqlarının qanunvericiliyin tələblərinə uyğun təmin edildiyini bildirib.

Ötən həftə 10 saylı Cəzaçəkmə Müəssisəsinin iki nəzarətçisinin Sərxan Quliyevi döyərək ağır vəziyyətə saldığı barədə məlumat vermişdik. Əldə etdiyimiz məlumata görə, hadisə avqustun 7-də, günorta saatlarında telefon məntəqəsində baş verib.

İddiaya görə, telefon məntəqəsində çalışan baş gizir Saleh Abdulrəhmanovla Sərxan Quliyev arasında mübahisə yaranıb. Mənbələr bildiriblər ki, Abdulrəhmanov əvvəlcə məhkumu təhqir edib, Quliyev buna cavab verdikdən sonra isə onu vurub.

Bununla bağlı "Abzas Media"ya danışan məhkumların sözlərinə görə, Quliyev aldığı zərbədən yerə yıxılıb, başından və ağzından qan gəlib. Bundan sonra çavuş Faiq Əlişovun da məhkumu döyməyə başladığı iddia olunur.

Hadisənin şahidi olduğunu bildirən şəxslərin sözlərinə görə, Əlişov telefon məntəqəsindəki masanın üzərinə çıxaraq yerdə uzanan Quliyevin belinə tullanıb, daha sonra onun başına yumruq zərbələri endirib. Mənbələr zorakılığın təxminən 4-5 dəqiqə davam etdiyini deyirlər.

Onların bildirdiyinə görə, daha sonra əraziyə gələn baş inspektor nəzarətçiləri məhkumdan ayırıb və Sərxan Quliyev başqa yerə aparılıb.

Mənbələr iddia edirlər ki, Quliyev hadisədən sonra üç gün ərzində əl və ayaqları qandallı vəziyyətdə cərimə kamerasında saxlanılıb.

Məhkumların sözlərinə görə, Quliyevin dostluq etdiyi Qafar Abbasov adlı başqa bir məhkum da baş verənlərə etiraz etdikdən sonra cəzalandırılıb.

İddiaya görə, Abbasovla Saleh Abdulrəhmanov arasında insident yaşanıb, nəzarətçi onu təhqir edib. Daha sonra Abbasovun rəis müavini Kamran Şahsuvarovun otağına aparılaraq orada döyüldüyü və cərimə kamerasına salındığı bildirilir.

Mənbələr Qafar Abbasovun da Sərxan Quliyev kimi günlərlə əl və ayaqları qandallı vəziyyətdə saxlanıldığını, onların təbii ehtiyaclarını ödəməsinə belə imkan verilmədiyini iddia edirlər.

Eyni zamanda bildirilir ki, Sərxan Quliyevin bədənində zorakılıq izləri olmasına baxmayaraq, o, həkim müayinəsindən keçirilməyib və hadisə ilə bağlı akt tərtib edilməyib. Mənbələrin sözlərinə görə, əvəzində baş gizir Saleh Abdulrəhmanovun bədənində xəsarətlərin olması barədə tibbi rəy verilib.

Məhkumlar bildiriblər ki, hadisədən sonra müəssisə rəhbərliyi telefon danışıqlarını məhdudlaşdırıb və bu qərar dustaqlar arasında narazılığa səbəb olub.

“Abzas Media”ya danışan məhkumlar müəssisə əməkdaşlarının rəhbərliyin razılığı olmadan belə addımlar ata bilmədiyini deyirlər. Onlar Sərxan Quliyevə qarşı iddia olunan zorakılığın da rəis müavini Kamran Şahsuvarovun göstərişi ilə baş verdiyini iddia edirlər.

Mənbələr müəssisədə zorakılıq və işgəncə hallarının sistematik xarakter daşıdığını bildirərək Baş Prokurorluğu, Ədliyyə Nazirliyini və Ombudsman Aparatını hadisələri araşdırmağa çağırıblar.