Oktyabrın 14-də Azərbaycan Prezidenti Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyev barədə cinayət işi açıldığı xəbəri yayıldı.
“APA”-nın xəbərinə görə, məhkəmə “xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş” R.Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir.
O, 1995-2019-cu illərdə PA rəhbəri, 2019-2022-ci illərdə AMEA-nın prezidenti olub.
Xəbər hələ də rəsmi təsdiqlənməyib. Lakin xəbərin ertəsi günündən etibarən hökumətyönlü mediada R.Mehdiyevin əleyhinə yazılar tirajlanmağa başlayıb.
“Musavat.com” saytı keçmiş rəsmiyə aid olduğunu iddia etdiyi mülk siyahısı yayımlayıb və həmin əmlakların müsadirə oluna biləcəyini yazıb. Bir sıra saytlar isə R.Mehdiyevin övladlarının vəzifə sahibləri olduqlarına diqqət çəkib. Onun oğlu Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini, qızı Kamilə Əliyeva isə Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir.
“Axar.az” saytı isə adını açıqlamadığı mənbəyə istinadən R.Mehdiyevin həbsinin bu yaxınlarda həbs edilən keçmiş SOCAR rəsmisi Adnan Əhmədzadənin işi üzrə istintaqla bağlı olduğunu iddia edib.
SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini, iş adamı Adnan Əhmədzadə sentyabrın 20-də həbs olunub. Onun barəsində Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə A.Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
“Axar.az” yazır ki, A.Əhmədzadə istintaqla “aktiv şəkildə əməkdaşlıq etməyə davam edir və onun etirafları R.Mehdiyevin həbsini qaçılmaz edib”.
“Adnan Əhmədzadə üzərindən həyata keçirilən əməliyyatda Azərbaycanın iqtisadi etibarlılığının itirilməsi, külli miqdarda zərərə uğraması hədəflənirdi və bu, ehtimal ki, hakimiyyətin zorla ələ keçirilməsi ssenarisinin tərkib hissəsi olub: Azərbaycanın etibarlı tərəfdaş imicinin korlanması, Avropanın enerji təhlükəsizliyində müstəsna rolunun şübhə altına alınması, paralel olaraq, Azərbaycanı Rusiyanın sanksiyaları yarmaq oyununda “vasitəçi” olduğunu göstərmək və nəticə etibari ilə Azərbaycana Qərbin siyasi dəstəyini zədələmək”, - sayt yazıb.
Xəbərə reaksiya verən bir sıra şərhçilər həbslərin davam edə biləcəyini, hətta siyasi müxalifəti də əhatə edəcəyini istisna etməyiblər.
“Son vaxtlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin xarici mediada çıxan yazıları, müsahibələri, hətta ən son Praqada forumdakı çıxışı hakimiyyət üçün elə də xoş olmayıb. Buna necəsə bir cavab gələcəkdi. Onsuz da deputatlar səviyyəsində çoxdan cavab verilirdi”, - III Respublika Platformasının qurucu üzvü Araz Əliyev “Facebook” səhifəsində qeyd edib.
“Əli Kərimlinin QHT-si, mediası da yoxdur ki, onu o ad ilə rəsmiləşdirsinlər. Siyasi müxalifətə qarşı həbs dalğası isə ciddi əsaslandırma tələb edir. Ramiz Mehdiyev, bəlkə də, belə bir əsaslandırma üçün lazımdır. Həm özünü susdurmaq, soyub soğana çevirmək, həm də onu siyasi müxalifətlə əlaqələndirib, repressiya dalğasını genişləndirmək. Dövlətə xəyanət edən, hakimiyyəti zorla ələ keçirməyə çalışan adamı ev həbsində, bəlkə də, buna görə saxlayırlar”, - o əlavə edib.
“Toplum TV”-yə danışan Xəzər Tədqiqat və Analiz Mərkəzinin direktoru Elman Fəttah deyib ki, R.Mehdiyevə qarşı ittihamlardan həbslərin genişlənəcəyi görünür, lakin əsas mesaj vəzifədə olan məmurlar üçün qorxu mühiti yaratmaqdır.
“Azərbaycanda Tək Adam hakimiyyətinin formalaşdırılması naminə başlanan, əsasən müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı yönələn repressiya mexanizmi həm də elitanın özünə qarşı çevriləcək. İttihamlardan da aydın olur ki, “Mehdiyev işi” güman ki, genişlənəcək, xeyli məmuru, ola bilər ki, müxalif fiqurları da əhatə edəcək. Amma bu həbs ilk növbədə saray daxilində qorxu balansını bərpa etməyə xidmət edəcək. Mesaj verilir ki, heç kim keçmiş xidmətlərinə görə toxunulmaz deyil. Bu, həm yeni nəsil məmurlar, həm təhlükəsizlik aparatına yönəlik profilaktik mesajdır”, - o bildirib.
R.Mehdiyevi keçmiş prezident Heydər Əliyev dövründən bəri siyasi sistemin memarlarından biri, Əliyev rejiminin “ideoloji-intellektual sütunu” sayan şərhçi düşünür ki, onun haqqında cinayət işinin məhz indi açılması “köhnə siyasi elitanın tam şəkildə təmizlənməsinin final mərhələsidir”.
“Bu, İlham Əliyevin 2020-ci ildən sonra dərinləşdirdiyi monolit hakimiyyət modelinə keçidin son akkordudur. Yəni, artıq sistemdə nə Ramiz Mehdiyev kimi qoca ideoloqlara, nə də müstəqil təsir radiusu olan ağsaqqallara yer qalıb. Mehdiyev kimi fiqurlar artıq köhnə, bürokratik tullantıdır. Bu addım hakimiyyətin legitimlik arxitekturasını gəncləşdirmək, müasir, teknokratik və daha millətçi görüntü formalaşdırmaq məqsədi daşıyır”, - E.Fəttah qeyd edib.
Sabiq PA rəhbərinin Rusiya hakimiyyəti ilə də yaxınlığını xatırladan E.Fəttah bu addımın Azərbaycan-Rusiya münasibətlərindəki gedişatla bağlı verilən bir mesaj olduğunu da istisna etmir.
“R.Mehdiyev Moskva elitası ilə yaxın münasibətlərə malikdir. O, həm akademik müstəvidə Rusiya Elmlər Akademiyası ilə, həm də keçmiş “KQB” dairələri ilə əlaqələrini saxlayırdı. Hazırda Kremlin Azərbaycanda təsir imkanları azalıb, Qarabağdan Rusiya sülhməramlıları çıxarılıb, Azərbaycan-Rusiya gərginliyində İlham Əliyevin möhkəm dayandığı qənaəti yaranıb. Artıq Bakı Moskva ilə balanslı, lakin Kremlə tabe olmayan mövqeyini möhkəmləndirir. Yəni, Mehdiyevin həbsi Azərbaycanın artıq Moskvadan icazə almadan daxili tənzimləmələri etdiyinin mesajıdır”, - o söyləyib.
Buna baxmayaraq, ekspert bu məsələnin Moskva ilə birbaşa koordinasiya edildiyini düşünmür.
“Rusiya Azərbaycanın bu cür “suveren” jestlərinə qarşılıq vermək imkanından məhrumdur. Bu, geosiyasi sükutun içində həyata keçirilən daxili manevrdir. Bakı Moskvanın diqqətinin Ukraynaya, Gürcüstana yönəlməsindən istifadə edərək öz siyasi arxitekturasını tənzimləyir. Buna baxmayaraq, Rusiya ilə taktiki koordinasiya görüntüsünü də qoruyur, Düşənbə görüşü ilə münasibətlərdə gərginliyin aradan qaldırıldığı fikrini ötürür. Yəni, bu, açıq anti-Rusiya mesajı deyil, amma post-Rusiya dönəminə keçidin siqnalıdır, avtoritar sistemin yeni mərhələyə keçidi kimi oxunmalıdır”, - o vurğulayıb.
“İttihamlardan görünür ki, “Mehdiyev işi” xeyli məmuru, hətta siyasi müxalifəti əhatə edəcək"