Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 14-də informasiya azadlığı ilə bağlı Azərbaycana qarşı qərar qəbul edib. 

Vəkil Fariz Namazlı "Facebook" səhifəsində xəbər verib ki, qərar hazırda "Meydan TV işi" üzrə həbsdə olan jurnalist Ramin Dekonun (Cəbrayılzadə) 2012-ci ildəki şikayəti əsasındakı iş üzrə verilib. 

Qərarda göstərilir ki, jurnalist 2012-ci ildə Prezident Administrasiyasına informasiya sorğusu göndərərək prezident tərəfindən mənzil verilmiş tanınmış şəxslərin və həmin mənzillərin maliyyə mənbələrinin siyahısını istəyib. Sorğusuna cavab verilmədiyinə görə o, yerli məhkəməyə müraciət edib. Lakin yerli məhkəmələr onun şikayətini təmin etməyib. 

AİHM hakimləri qeyd edib ki, ərizəçi “ictimai nəzarətçi” (ingiliscə "public watchdog" - red.) funksiyasını həyata keçirən jurnalist kimi çıxış edib və tələb etdiyi məlumat onun peşə fəaliyyətini yerinə yetirməsi üçün zəruri olub. Tələb olunan məlumatın isə dövlət vəsaiti hesabına vətəndaşlara mənzil verilməsi və həmin mənzillərin maliyyə mənbələri kimi əhəmiyyətli ictimai məsələ ilə bağlı olduğu vurğulanıb. 

Qərarda bu məlumatların toplanmasının Prezident Administrasiyası üçün yük doğuracağına dair heç bir sübutun olmadığı bildirilib. Buna görə, AİHM məlumatın xarakteri və Administrasiyanın funksiyalarını nəzərə alaraq, həmin məlumatın əslində mövcud və əlçatan olduğunu fərz etdiyini qeyd edib. 

Daha sonra qeyd olunur ki, Prezident Administrasiyası nə məlumat sahibini müəyyənləşdirib, nə də sorğunu ona yönləndirib, üstəlik ərizəçiyə heç bir cavab verməyib. 

Yerli məhkəmələr isə Prezident Administrasiyasının bu fəaliyyətsizliyinə heç bir hüquqi qiymət verməyib, sadəcə qeyd ediblər ki, ərizəçi yanlış orqana müraciət edib və “müvafiq icra hakimiyyətinə” eyni sorğunu göndərmək hüququna malikdir.

Məhkəmə hesab edib ki, Prezident Administrasiyasının ərizəçinin sorğusuna münasibətdə “hərəkətsiz qalması” müvafiq daxili qanunvericiliyə uyğun olmayıb və ərizəçinin hüququna edilmiş bu müdaxilə “qanunla nəzərdə tutulmayıb”. Buna görə də, AİHM Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (özünüifadə azadlığı) və 13-cü (effektiv həll yoluna çıxış hüququ)
maddələrinin pozulması qənaətinə gəlib. 

Məhkəmə, həmçinin, qeyd edib ki, bu işdə pozuntunun tapılması faktının özü ərizəçinin çəkə biləcəyi mənəvi zərərin qarşılığı kimi kifayət edir və buna görə də maddi kompensasiya müəyyən etməyib. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva və Natiq Cavadlı saxlanılıblar.

Sonradan müxtəlif vaxtlarda jurnalistlər Şəmşad Ağa, Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib. Onlar qaçaqmalçılıqda ittiham olunurlar. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.