Hüquq müdafiəçiləri Beynəlxalq Hakimlər Assosiasiyasını Azərbaycandakı vəziyyətlə bağlı addım atmağa çağırıb

Oktyabrın 12-də Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işinə başlayıb.

Açılış mərasimində dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə – hakimlər, vəkillər, hökumət rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri və tanınmış hüquqşünas ekspertlər iştirak ediblər.

Oktyabrın 17-dək davam edəcək Assambleya çərçivəsində ev sahibi kimi Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlıq da nəzərdə tutulur.

Assambleya ərəfəsində bir qrup beynəlxalq insan haqları təşkilatı Beynəlxalq Hakimlər Assosiasiyasına müraciət ünvanlayaraq Azərbaycanda məhkəmə sisteminin müstəqilliyinin pozulması və repressiyaların davam etməsi ilə bağlı narahatlıqlarını ifadə edib.

Məktubda qeyd olunub ki, Azərbaycanda məhkəmə orqanları hökumətin ciddi təsiri altındadır və bu, siyasi motivli ittihamların irəli sürülməsinə, eləcə də fərqli düşüncəyə qarşı təzyiqlərin artmasına imkan yaradır:

“Ədalət mühakiməsinin bu cür asılı vəziyyəti insan hüquqlarını və qanunun aliliyini birbaşa zədələyir”.

Təşkilatlar bildirir ki, BMT, Avropa Şurası və yerli vətəndaş cəmiyyəti qurumlarının hesabatlarında Azərbaycanda məhkəmə təqibləri, işgəncələr, siyasi ittihamlar və ədalətli məhkəmə hüququnun pozulması halları sistematik şəkildə sənədləşdirilib. Yerli hüquq müdafiəçilərinin məlumatına görə, 2025-ci ildə ölkədə siyasi məhbusların sayı 392 nəfərə çatıb.

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarında da dəfələrlə vurğulanıb ki, Azərbaycan məhkəmələri vətəndaşları əsassız həbslərdən qorumur və prokurorluğun qərarlarını mexaniki şəkildə təsdiqləyir. Hüquq müdafiəçiləri bunu məhkəmə sisteminin siyasi sifarişlə fəaliyyət göstərməsinin göstəricisi sayırlar.

Məktub müəllifləri Beynəlxalq Hakimlər Assosiasiyasını məhkəmə sisteminə hökumətin müdaxiləsini və onun repressiya alətinə çevrilməsini pisləməyə, məhkəmələrin hökumətə qarşı təsirli nəzarət mexanizmləri yarada bilməməsini tənqid etməyə, Azərbaycanı beynəlxalq monitorinq orqanları ilə əməkdaşlığa və AİHM qərarlarını tam icra etməyə təşviq etməyə, qurumun nizamnaməsinin 13-cü maddəsinə əsasən, Azərbaycandakı pozuntularla bağlı rəsmi araşdırma mexanizmini işə salmağa çağırıb.

Hüquq müdafiəçiləri hesab edir ki, Assambleya çərçivəsində qəbul olunacaq qətnamə ədalətsiz şəkildə həbs edilən şəxslərlə həmrəylik və hüquq peşəsinin müstəqilliyinə dəstək baxımından mühüm mesaj olacaq.