Cahad Babakişizadə ilə bağlı problem həllini tapıb

Cahad Babakişizadə aclıq aksiyasını dayandırıb. Onun etiraza səbəb olduğu məsələlər bu gün (oktyabrın 16-da) Penitensiar xidmət rəsmilərinin işə qarşması ilə öz həllini tapıb. Bu barədə C. Babakişizadə özü telefon zəngində məlumat verib.

Siyasi məhbus onun narahatlığına səbəb olan problemlərin həll olunduğunu və bu səbəbdən aclıq aksiyasını dayandırdığını bildirib.
Cahadın vəziyyəti ilə bağlı atası Balahüseyn Babakişizadə Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun qəbulunda olub. Seyidov atanı narahat edən məsələləri dinləyib və elə yerindəcə həlli üçün göstəriş verib.

Xatırladaq ki, Cahad Babakişizadə təzyiq səbəbindən sentyabrın 29-da özünə xəsarət yetirərək bədənini kəsmiş və oktyabrın 7-dən isə aclıq aksiyasına başlamışdı.