Sevinc Vaqifqızının ailəsi həbsxana işçilərindən şikayətçidir

"AbzasMedia"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının ailəsinin onunla son görüş zamanı müəssisə əməkdaşlarının pis davranışına məruz qaldığı bildirilir. Bu barədə onun ailəsindən "AbzasMedia"ya məlumat verilib.

Məlumata görə, oktyabrın 18-də Lənkərandakı Penitensiar Kompleksdə jurnalistin anası və bacısına qarşı zorakı rəftar olub. Vurğulanır ki, görüşdən əvvəl müəssisə əməkdaşları Vaqifqızının anası Ofeliya Məhərrəmovanı və bacısını xüsusi otağa salaraq məcburi yoxlamağa çalışıblar. O.Məhərrəmova ürəyində aparat olduğunu, bununla bağlı ehtiyatla davranılmasını tələb etsə də, əməkdaşların ondan və qızından ayaqqabılarını çıxarmağı istədikləri deyilir. Bildirilir ki, yaşlı qadın ayaqqabılarını çıxarmaqda çətinlik çəkdiyini, qızı isə əməliyyatlı ayağına görə bunu edə bilməyəcəyini söyləyib və xüsusi aparatla yoxlanılmalarını tələb edib.

Jurnalistin bacısı deyib ki, onlar aparatla yoxlanılandan sonra heç nə tapılmayıb, lakin görüşdən çıxarkən yenidən məcburi yoxlanılıblar. Vurğulamasına görə, bu dəfə müəssisə əməkdaşları onun ayaqqabılarını zorla çıxarıb içliyini söküblər. Bacısı əlavə edib ki, nəzarətçi qadın onu yoxlayarkən kobud davranıb.

Ailə həmçinin S.Vaqifqızı ilə görüşdə konfidensiallıq hüququnun pozulduğunu vurğulayıb. Onların sözlərinə görə, görüş cəmi bir saat davam edib və otaqda bir nəzarətçi daim onların yanında olub. Ailənin habelə əlavə etməsinə görə, jurnalist bu haldan narazılıq edərək onlar ilə rahat danışa bilmədiyini bildirib, lakin əməkdaş ona "belə əmr var" cavabını verib.

Bu şikayətlərə Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Sentyabrın 25-də S.Vaqifqızı, habelə onunla həbs edilən Nərgiz Absalamova və Elnarə Qasımova Bakı İstintaq Təcridxanasından Lənkərandakı Penitensiar Kompleksə köçürülüblər. Onların yaxınları bildirirlər ki, bu köçürülmə görüş imkanlarını daha da məhdudlaşdırıb və jurnalistlər bunu yazılarına görə təzyiq kimi qiymətləndirirlər.

Bu il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda "AbzasMedia işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimin qərarı ilə "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.

"AbzasMedia işi" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.

Xatırlatma

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 390-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

 

AzadlıqRadiosu