Dini təqvimdə narazılıq yaradan fərqlilik

Hazırda müsəlman dünyası, xüsusilə də şiə məzhəbinə mənsub olanlar üçün dərin mənəvi və emosional anlam daşıyan Məhərrəm ayını yaşayır. Bu ay İslam tarixində kədərin, ədalət uğrunda mübarizənin və haqsızlığa qarşı duruşun simvoluna çevrilmiş mühüm hadisə ilə - Aşura və ya Kərbəla faciəsi ilə yadda qalıb.

Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) Məhərrəm ayında İraqın Kərbəla çölündə baş verənlər bütövlükdə İslam təqvimində ən acı və taleyüklü hadisələrdən biridir. Məhərrəm ayının 10-cu (ərəbcə “əşərə”- Aşura) günündə İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.) nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin (ə) oğlu İmam Hüseyn (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kərbəla çölündə qətlə yetirilib.

Ərəb dilində “onuncu” mənasını verən “Aşura” sözü, həm də İslam məzhəblərinin kəsişdiyi nöqtədə dayanan bir simvol kimi çıxış edir. Azərbaycanda Məhərrəm ayı boyunca insanlar oruc tutur, Kərbəla şəhidlərini yad edir, müxtəlif xeyriyyə tədbirləri və ehsanlar təşkil edirlər. Bəzi bölgələrdə hələ də qədim “dəstə” və “mərasim yürüşləri” ənənəsi yaşadılır.

Azərbaycan xalqı əsrlərdir ki, Kərbəla faciəsini yalnız dini deyil, ictimai ədalət simvolu kimi yad edir. Ənənəvi “mərsiyə məktəbləri”, Kərbəla faciəsini əks etdirən xalq ədəbiyyatı nümunələri və dini teatr elementləri bu hadisənin mədəni müstəviyə keçdiyini sübut edir. Xüsusilə XIX əsr və XX əsrin əvvəllərində “Məclisi-üns”, “Məclisi-füsus” kimi ədəbi cəmiyyətlərdə yazılmış Aşura mədhiyyələri bu prosesin poetik zirvəsidir. Hətta sovet dönəmində, dini mərasimlər rəsmi şəkildə yasaqlansa da, Azərbaycan xalqı bu ayinləri folklor və mədəniyyət adı altında yaşatmağı bacardı.

Bu il isə Azərbaycanda nadir rast gəlinən və geniş rezonans doğuran bir hadisə baş verdi: Aşura günü ilə bağlı ölkədə fikir ayrılığı yaşandı. Tarix boyu şiə aləmində birlik rəmzi kimi qəbul edilən bu günün qeydində ilk dəfə olaraq ikiləşmə müşahidə olundu, inanclıların bir qismi Aşuranı 5 iyulda, digərləri isə 6 iyulda qeyd etdi. Bu ziddiyyət isə təkcə dini təqvim fərqləri ilə izah olunmur. Müşahidəçilər və ekspertlər məsələnin arxasında daha dərinə gedən siyasi, dini və ideoloji gərginliklərin dayandığını düşünürlər.

Qeyd edək ki, hicri-qəməri təqvimin Ayın hərəkətinə əsaslanması səbəbilə bəzi illərdə İslam ölkələri arasında bayram və matəm günlərinin tarixində cüzi fərqlər ola bilir. İranda dini təqvimin müəyyən edilməsi əsasən İraqın Nəcəf, İranın Qum, Məşhəd və Tehran dini mərkəzlərindəki ayətullahların ay müşahidələri və çıxardıqları fitvalar əsasında həyata keçirilir.

 

Bu Azərbaycana necə təsir edir?

Azərbaycan şiələrinin əksəriyyəti İranın dini mərkəzlərinə ideoloji və fiqh baxımından bağlı olduğundan, bu fikir ayrılığı ölkə daxilində də ziddiyyət yaratdı. Bəzi məscidlərdə Aşura mərasimləri 5 iyulda təşkil olunduğu halda, digərlərində mərasimlər bir gün sonraya - 6 iyula təyin edildi. Sosial şəbəkələrdə və dini çevrələrdə bu fərqlilik geniş müzakirələrə səbəb oldu.

Məsələ ilə bağlı dini mövzular üzrə ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a danışıb: “İnanclılar fərqli günlərdə etmədi, hakimiyyət orqanları bir gün elan etdilər, əhali başqa gün qeyd etdi. Əlbəttə, təqvim fərqi ilk hadisə deyil, az qala hər il Ramazanda təqvim fərqi yaranır. Problem ondadır ki, təqvimə bürokratik müdaxilə və dini mərasimin təskili ilə bağlı təzyiq siyasəti əhalini narazı salır. Yoxsa ki, təqvim fərqi hər il olur və artıq alışılıb, özü də məzhəb fərqi də mövzu deyil.

Məsələn, bu il Ramazan ayının sonunda Fitr bayramını ölkələr iki fərqli gündə etdilər. Aşura ilə bağlı da daha əvvəldən fərqli təqvimlər olub, amma bu, diqqət cəlb etməyib. Sadəcə, indi QMİ-nin təyin etdiyi Aşura gününün daha əvvəldən bilinən təqvimlə ziddiyyət təşkil etməsi və Aşura günü məclisə gələnlərə qarşı təzyiq narazılıq yaratdı. Azərbaycanda din sahəsində xaotik vəziyyət var, hər il hansısa mərkəzdən gözlənilməz qərarlar verilir. Bu da ajiotaj və süni gərginlik yaradır. Əslində isə ölkədə dini sahədə çox ciddi bir siyasi, ya da ideoloji gərginlik yoxdur. Amma hər il həyata keçirilən bu “sınaqlar” müəyyən gərginliyə səbəb olur".