Cabbar Cabbarov həftələrdir səbəbsiz olaraq 15-saylı müəssisədə karserdə saxlanılır

İyulun 5-də Umbakı - ciddi qapalı rejimli müəsisədən 15-saylı cəzaçəkmə müəssisəsinə köçürülən Müsəlman Birliyi Hərəkatının üzvü Cabbar Cabbarov hələ də səbəbsiz karserdə saxlanılır. Bu barədə məlumatı Cabbarın ailəsi bildirib. Onların söylədiyinə görə müəssisə rəhbərliyi hər gün bir bəhanə uyduraraq Cabbarı karserdə saxlamaqda davam edir.
Müəssisəyə gələn gündən ilk bir həftəni karantində saxlanılan siyasi məhbus sonradan karserə köçürülüb. Ona bildirilib ki, 15 saylı müəssisə rəhbərliyi Cabbarı bu zonda görmək istəmir. Ona görə də hələlik bir müddət karserdə saxlanılacaq. Ardınca isə qərar verilib onu ciddi-qapalı rejimli müəssisə, Umbakıya köçürəcəklər.
Cabbar Cabbarov da daxil bütün ailə bu qanunsuz qərara etiraz edir və inanclının müəssisəyə buraxılmasını tələb edirlər. Ailə məsələ ilə bağlı Penitensiar Baş İdarə rəsmilərinin qəbuluna gedib çıxarılan qərarla bağlı haqlı etirazlarını bildirmək fikrindədirlər.
Xatırladaq ki, Cabbarov Cabbar Əmirxan oğlu 2015-ci il 26 noyabr “Nardaran hadiələri” zamanı saxlanılıb. Bir çox ağır maddələrlə ittiham olunan inanclı 2017-ci il 25 yanvar tarixində 19 il müddətinə azadlıqdan məhrum edilib. O, uzun zaman hepatit xəstəliyindən müalicə alıb və hal-hazırda da səhhətində xəstəliklə bağlı problemlər yaşanır.