BMT TŞ israilli nazirin əl-Əqsa məscidinə girməsi haqda toplantı keçirib

BMT Təhlükəsizlik Şurası ötən gün İsrailin daxili təhlükəsizlik naziri İtamar ben Qvirin əl-Əqsa məscidinə girməsi haqda fövqəladə iclas keçirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Nyu-Yorkda İsrailin Qüdsdə status-kvonu pozmasını müzakirə edən BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasının işi başlayıb.

İsrail sessiyanı pisləyib və bunu "absurd" adlandırıb.

İclasda Ərəb və İslam ölkələri BMT Təhlükəsizlik Şurasını İsrailin ekstremist daxili təhlükəsizlik naziri İtamar ben Qvirin ötən çərşənbə axşamı Əl-Əqsa məscidi kompleksinə basqınını açıq şəkildə pisləməyə çağırıb.

Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərə deyib: “Qüdsdəki tarixi status-kvonu, onun İslam və Xristianlığa aid məkanlarını qoruyub, saxlamaq barədə qərar vermək beynəlxalq ictimaiyyətin məsuliyyətidir.”

Bu arada İsrailin Nazirlər Kabineti dünən, cümə axşamı keçirilən xüsusi iclasda daxili təhlükəsizlik nazirinin Əl-Əqsa məscidinə girməsinin nəticələrini və bu addıma beynəlxalq reaksiyaları müzakirə edib.

Eyni zamanda Təl-Əviv Ben Qvirin Əl-Əqsa məscidinə basqın etməsini pisləyən bəyanatın yayılmasının qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərə təzyiq göstərməkdədir.