AFFA dörd klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Kəpəz” - “Səbail” oyununda meydan sahiblərinin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimə edilib. İkinci sarıdan qırmızı vərəqə görən Gəncə təmsilçisinin müdafiəçisi Vurğun Hüseynov 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb.

“Neftçi” ilə oyununun fasiləsində “Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat ziyana düşüb.

Matçda “ağ-qaralar”ın 5 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə ödəyəcək.