ABŞ HƏMAS-ın Türkiyədə maliyyə yardımı ala bilmək imkanlarından narahatdır

ABŞ Maliyyə Nazirliyinin terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizəyə nəzarət edən yüksək səviyyəli rəsmisi cümə axşamı bildirib ki, o, Türkiyə rəsmiləri ilə HƏMAS-ın Türkiyədə maliyyə vəsaiti toplaması və bunun ölkənin qanunlarına zidd ola bilməsi ilə bağlı ABŞ-ın dərin narahatlıqlarını müzakirə edib.

Maliyyə Nazirliyinin Terrorla Mübarizə və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brayan Nelsonun dediyinə görə, Türkiyə HƏMAS-ın maliyyələşdirilməsində mühüm yer tutur və görünür, qrupun rəhbərliyi İsraillə davam edən müharibə fonunda pul axınının artırılmasını istəyir.

İstanbulda Türkiyə rəsmiləri və ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşlər arasında jurnalistlərlə danışan Nelson "HƏMAS-ın gələcəkdə potensial terror hücumları üçün vəsait toplaması və (Türkiyədə) maliyyə dəstəyi tapmaqda davam etmək qabiliyyətindən çox narahatıq" deyib.

Əksər Qərb müttəfiqlərindən və bəzi Körfəz ölkələrindən fərqli olaraq, Türkiyə HƏMAS-ı terror qruplaşması adlandırmır və onun bəzi üzvlərinə sığınacaq verir.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan son həftələr Qəzzanın bombalanmasından sonra İsraili "terrorçu dövlət", HƏMAS-ı isə "azadlıq uğrunda döyüşçülər" adlandırıb.

Militantlarının oktyabrın 7-də İsrailə hücumundan sonra ABŞ HƏMAS-ın maliyyələşdirilməsini məhdudlaşdırmaq məqsədilə Türkiyədəki bir neçə qurum və şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Nelson deyib ki, Türkiyə HƏMAS-ın donorlardan, eləcə də xeyriyyə və qeyri-hökumət təşkilatlarından pul toplamaq üzrə keçmiş səylərinə dəstək olub.

Maliyyə nazirinin müavini qeyd edib ki, Türkiyə HƏMAS-ı legitim təşkilat hesab etsə belə, bu təşkilat Türkiyə qanunlarını poza bilər.

"Türkiyənin ABŞ-ın sanksiyalarından asılı olmayaraq, öz hüquq-mühafizə orqanlarından istifadə etməklə bu problemin öhdəsindən gəlmək üçün kifayət qədər imkanları var" - deyə, o bildirib.