Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.
"Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.
"28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.
N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.
"Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb, evi boşaltdırıblar. Prezidentin Xankəndidəki nümayəndəliyindən həyat yoldaşıma zəng edib, təhqiramiz sözlər deyiblər. Deyiblər ki, bir də Qarabağa ayaq bassam, həbs olunacam. Bir o qalıb ki, özümü öldürəm", - o qeyd edib.
N.Hətəmov prezidentə müraciət edərək təhlükəsizliyinin təmin olunmasını xahiş edib.
Ötən il "Toplum TV"yə danışan, Qarabağda yenidənqurma işləri görmüş "Arenol Qrup" şirkətinin rəhbəri Tolqa Şahin də ödənişlə bağlı problemləri yarandıqdan sonra zorla ölkədən çıxarıldığını demişdi.
Rəsmilər isə bir qayda olaraq Qarabağda yenidənqurma işlərinin şəffaf şəkildə həyata keçirildiyini bildirir.
Pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir