Həqiqəti dilə gətirməyin çətinləşdiyi vaxtlarda onu cəmiyyətə çatdırmaq daha böyük cəsarət tələb edir

"Toplum TV işi" üzrə həbsdə olan, III Respublika Platformasının spikeri Akif Qurbanov eyni iş üzrə həbsdə olan "Toplum TV" əməkdaşı Fərid İsmayılova doğum günü təbriki ünvanlayıb.

F.İsmayılovun sentyabrın 4-də 28 yaşı tamam olub. O, ardıcıl ikinci ildir ki, doğum gününü həbsxanada keçirib.

A.Qurbanovun təbrik məktubu onun sosial media hesabında dərc edilib.

"Dörd divar arasında, sevdiklərindən uzaqda qarşıladığın yeni yaşının sənə ilk növbədə can sağlığı və azadlıq bəxş etməsini arzulayıram. Səni istər azadlıqda, istərsə də məhbus həyatında hər zaman öz peşəsinə, dəyərlərinə və həqiqətə bağlı, jurnalistliyi sadəcə bir peşə deyil, cəmiyyət qarşısında məsuliyyət və həqiqət qarşısında borc kimi qəbul etmiş biri kimi tanımışam. Bu yolda üzləşdiyin bütün çətinliklərə baxmayaraq, öz mövqeyindən geri çəkilməməyin bu dəyərlərə nə qədər sadiq olduğunun göstəricisi olub", - o qeyd edib.

"Bu gün ölkəmizdə azad mətbuata qarşı təzyiqlərin fonunda sənin kimi gənc və cəsarətli jurnalistlərin varlığı, sizlərin gördüyü işin əhəmiyyəti daha aydın görünür. Həqiqəti dilə gətirməyin çətinləşdiyi vaxtlarda onu cəmiyyətə çatdırmaq daha böyük cəsarət tələb edir", - A.Qurbanov əlavə edib.

"Toplum TV işi” üzrə 2024-cü il martın 6-da saxlanılan Fərid İsmayılov polis nəzarətinə verilsə də, ötən il yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində qərarı dəyişərək həbs qətimkan tədbiri seçib.

F.İsmayılov dəfələrlə məhkəmə proseslərində heç bir cinayət törətmədiyini, peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib.

Bu il iyulun 27-də "Toplum TV işi" üzrə həbs olunan şəxslərə hökm oxunub. F.İsmayılov 12 il müddətinə azadlıqdan məhrum edilib.