Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə milli çempionatların yüksək dəstəsində ən çox qol vurmuş oyunçuların siyahısını açıqlayıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu siyahıya düşmək üçün futbolçunun klubu dünya ölkələrinin liqalarının reytinqində “ilk 100-lük”də olmalıdır.

Bu səbəbdən ötən il 35 dəfə fərqlənərək ən çox qol vuran monteneqrolu Boris Kopitoviç bu siyahıdan kənarda qalıb. Onun çıxış etdiyi “Tampins Rovers” “100-lüy”ə düşə bilməyən Sinqapur liqasını təmsil edir.

Qalib isə Braziliyanın “Fluminense” klubunun hücumçusu German Kano olub. Argentinalı ötən ili 33 qolla tamamlayıb.

Sinqapurun “Albireks Niqata” klubundan Kodai Tanaka və Yeni Zelandiya təmsilçisi “Kaşmer Texnikal”ın üzvü Qarban Kuqlan da eyni sayda qol vursalar da, sözügedən səbəblərdən siyahıdan kənarda qalıblar.

İkinci pillənin sahibi Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappedir. O, geridə qoyduğumuz ildə 32 dəfə qol sevinci yaşayıb.

“İlk 3-lüy”ü Meksika “Paçuka”sından argentinalı Nikolas İbanyez qapayır – 31 qol.

Ötən ili Almaniyada “Borussiya Dortmund” və İngiltərədə “Mançester Siti”nin heyətində keçirmiş norveçli Erlinq Holand 30 qolla 4-cüdür.

İlə “Bavariya”da (Almaniya) başlayan və “Barselona”da (İspaniya) yekun vuran polşalı Robert Levandovski isə 29 qolla 5-ci olmağı bacarıb.