Ombudsman Aparatının nümayəndələri Abbas Hüseynə baş çəkiblər

Mayın 18-də Ombudsman Aparatının nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasında "Müsəlman Birliyi" Hərəkatının fəalı Abbas Hüseynə baş çəkiblər.

Bir neçə gün öncə sosial şəbəkələrdə Hüseynin audiomüraciəti yayılıb, o, həbsxanadakı işgəncələrdən şikayət edib.

"Başçəkmə zamanı Abbas Hüseynlə məxfi söhbət aparılıb, onun müraciətlərinə baxılıb.

Abbas Hüseynin müraciətləri əsasında tədbirlər görülür", - Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Emil Şahzadə Turan-a bildirib.

Öz növbəsində Abbas Hüseynin anası Rəhimə Hüseynova mayın 18-də Ombudsman Aparatının üç əməkdaşının oğlunu ziyarət etdiyini Turan-a təsdiqləyib.

"Abbas 1 saylı koloniyada on gün aclıq edib. Ancaq dünən, 1 saylı İstintaq Təcridxanasına köçürüldükdən  sonra  yemək yeməyə başlayıb.

Ombudsmanın nümayəndələri ona deyiblər ki, daha bir görüş olacaq.

Abbasın ciddi müalicəyə ehtiyacı var, başında və qabırğalarında ciddi xəsarətlər var, ayaqları şişib", - fəalın anası deyib.

Öz növbəsində vəkil Fəxrəddin Mehdiyev deyib ki, Hüseynin istintaq təcridxanasına köçürülməsi onun saxlanma rejiminin sərtləşdirilməsi və Qobustan həbsxanasına köçürülməsilə bağlı mayın 24-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclasla əlaqədardır.

*"Müsəlman Birliyi" Hərəkatının rəhbəri Tale Bağırzadə, Abbas Hüseyn və digər din xadimləri 26 noyabr 2015-ci ildə Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Saxlanılan şəxsləri Bağırzadənin təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham ediblər. Məhkəmə onları terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd və polisə müqavimət göstərməkdə,  həmçinin Cinayət Məcəlləsinin digər maddələrini pozmaqda təqsirli bilib və 12 ildən 19 ilədək həbs cəzasına məhkum edib. Abbas Hüseyn 20 il müddətinə azadlıqdan məhrum edilib.

O və digər fəallar siyasi məhbus kimi tanınıblar.