HRW QHT-lərə yeni məhdudiyyətləri və Bəşir Süleymanlıya verilən hökmü “vətəndaş cəmiyyətinə təzyiq” adlandırıb

“Human Rights Watch” (HRW) Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklərin və vətəndaş cəmiyyəti fəallarına qarşı cinayət təqiblərinin təzyiqləri daha da artırdığını bildirib.

Təşkilatın noyabrın 23-də yaydığı açıqlamada qeyd olunur ki, Milli Məclis noyabrın 18-də QHT-lərlə bağlı qanunvericiliyə geniş dəyişiklikləri təsdiqləyib. HRW-nin fikrincə, bu dəyişikliklər hakimiyyətin müstəqil təşkilatları dayandırmaq və ləğv etmək səlahiyyətlərini genişləndirir, yeni qeydiyyat tələbləri yaradır və onların fəaliyyətini daha da məhdudlaşdırır.

Təklif olunan dəyişikliklərə əsasən, hakimiyyət orqanları məhkəmə qərarı olmadan, şəffaflıq və çirkli pulların yuyulmasına qarşı tələblərin pozulması kimi geniş şərh edilə bilən əsaslarla QHT-lərin fəaliyyətini bir ilədək dayandıra biləcək.

Sənəddə həmçinin “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid” sayılan fəaliyyətlərə görə təşkilatların məhkəmə yolu ilə ləğv olunması üçün yeni əsaslar nəzərdə tutulur. HRW bu meyarların qeyri-müəyyən olduğunu və sui-istifadəyə açıq qaldığını vurğulayır.

Mövcud QHT-lərə qanun qüvvəyə mindikdən sonra nizamnamələrini yeniləmək və yenidən qeydiyyatdan keçmək üçün 30 gün vaxt veriləcəyi bildirilir. Qeyri-kommersiya fondlarının yaradılması üçün tələb olunan minimum nizamnamə kapitalının isə 10 min manatdan 100 min manata çatdırılması təklif edilir.

“Bu tələblər Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının yaradılması və fəaliyyətinin davam etdirilməsi üçün əlavə maneələr yaradar”, - HRW bəyan edib.

Təşkilat qeyd edib ki, qeydiyyat və xarici maliyyələşmə ilə bağlı qüvvədə olan məhdudiyyətlər artıq bir sıra müstəqil qurumların bağlanmasına və ya fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmasına səbəb olub. HRW həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları ilə bağlı işlərdə dəfələrlə birləşmək azadlığının pozulduğunu müəyyən etdiyini xatırladıb.

Açıqlamada noyabrın 19-da Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının 7 il 6 ay azadlıqdan məhrum edilməsi də qeyd olunub. HRW onu xarici maliyyələşmə ilə bağlı yenidən açılmış araşdırma çərçivəsində siyasi motivli ittihamlarla mühakimə olunan fəallardan biri kimi qiymətləndirib.

Təşkilat eyni istintaq çərçivəsində Asəf Əhmədovun 8 il, Zamin Zəkinin 7 il 3 ay, seçki monitorinqi üzrə ekspert Anar Məmmədlinin isə 13 il həbs cəzası aldığını bildirib.

HRW Azərbaycan hakimiyyətini qanun dəyişikliklərini geri götürməyə, Bəşir Süleymanlı və legitim fəaliyyətinə görə həbs olunduğunu bildirdiyi digər vətəndaş cəmiyyəti nümayəndələrini azad etməyə çağırıb.

“Azərbaycanın beynəlxalq tərəfdaşları hökumətə birləşmək azadlığını qorumaq öhdəliyini yerinə yetirməsi üçün təzyiq göstərməlidir”, - təşkilat bildirib.