Seyfəddin Şirvanov Müalicə Mərkəzindən cəza çəkdiyi həbsxanaya qaytarılmasını istəyir

Oktyabrın 15-də inanclı Seyfəddin Şirvanov ciddi hipertoniya, zob xəstəliyi və başında dözülməz ağrıların şiddətlənməsi səbəbindən Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Həbsdə olduğu müddətdə açıq infarkt keçirən inanclının ürəyinə stent qoyulduğundan, zaman-zaman müayinələrdən keçirilərək müalicə alır.

Özünün bildirdiyinə görə, ilk 3 gündə müayinə olunub. Müayinə zamanı köhnə xəstəliklərinin daha ciddi hal aldığı aşkarlanıb. Lakin bütün bunlara baxmayaraq, müəssisə onu bir aydan artıqdır mərkəzdə saxlamasına baxmayaraq, üzərində heç bir müalicə aparılmayıb. Bununla bağlı müəssisənin baş həkiminə etirazını bildirən inanclı hər dəfə müxtəlif bəhanələrlə yola salınıb. Müalicə isə aparılmadan qalıb.

Bəzi dərmanların müəssisədə olmadığını əsas gətirən müalicə həkimi onların ailəsi tərəfindən alınaraq gətirilməsini istəyib. Lakin lazımi dərmanlar gətirilsə də, vəziyyət dəyişməyib. Buna görə də S. Şirvanov müəssisə rəhbərliyindən onu cəza çəkdiyi 15 saylı müəssisəyə geri qaytarmasını istəyib. Lakin müəmmalı şəkildə bu günə qədər köçürülmə işi hələ də həyata keçirilmir.

Müalicə Mərkəzində az qala hava almaq belə “pullu xidmətə” daxildir. Mərhum Əvəz Zeynallı hətta burada dünyasını dəyişən şəxsin ailəsinə təhvil verilməsi üçün daşınmanı həyata keçirən müəssisənin təcili yardım maşınlarının belə cəzaçəkmə müəssisəsinə aparılması üçün məhbuslardan pul toplanmasından söhbət açmışdı.

Bura gətirilən məhbus 3 gün ərzində yüngül və dərin müayinələrdən keçirilir. Əgər xəstəxanada qalmaq üçün ödəniş olunmazsa, həftəsi tamam olmamış onu yenidən cəza çəkdiyi müəssisəyə göndərirlər. Lakin nə tilsimdirsə, inanclı özü də köçürülməsini dəfələrlə istəsə də, hələ də Müalicə Mərkəzinin qəbul şöbəsində saxlanılmağa davam edir.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Seyfəddin Şirvanov 2015-ci il Nardaran hadisələrindən sonra baş verən kütləvi həbslər zamanı saxlanılıb. 2017-ci ilin dekabrında o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.