Serbiyada yeni hakimiyyət İsraillə silah ticarətini dayandırmaq istəyir

Serbiyada 25 oktyabrda keçirilən növbədənkənar seçkilərdə qalib gələn “Tələbə Siyahısı”, İsraillə silah ticarətini dayandırmaq və ölkədəki İsraillə əlaqəli PUA (pilotsuz uçuş aparatı) layihəsinə son qoymaq barədə söz verib.

Filip Uboviç ötən həftə britaniyalı jurnalist Aaron Bastaninin podkastında etdiyi açıqlamada Qəzzada baş verənlərin “bəşəriyyətin vicdanında bir ləkə” olduğunu bildirib.

“Tələbə Siyahısı” 250 yerlik parlamentdə 140 mandat qazanaraq çoxluğu əldə edib və sabiq Prezident Aleksandar Vuçiçin blokunu geridə qoyub. Seçkilər Vuçiç hakimiyyətinə yönələn avtoritarlaşma və korrupsiya ittihamlarından sonra keçirilib.

Balkan Araşdırmaçı Jurnalistika Şəbəkəsi (BIRN) ilə “Haaretz”in birgə araşdırmasına görə, Serbiyanın İsrailə silah ixracı 2024-cü ildə 1,5 milyon dollardan 45,8 milyon dollara yüksəlib. Bu artım İsrailin Qəzzadakı hücumlarının davam etdiyi dövrdə baş verib.

Serbiya İsraildən silah alışını da artırıb. 2025-ci ilin əvvəllərində “Elbit Systems” şirkətindən 335 milyon dollar dəyərində PULS artilleriya sistemləri və “Hermes” PUA-ları satın alıb. Həmin ilin avqust ayında isə təxminən 1,6 milyard dollara uzunmənzilli raketlər, PUA-lar və radioelektron mübarizə avadanlıqları alıb.

Vuçiç ötən ilin sentyabrında Serbiyada İsrail istehsalı olan PUA-ların yığılacağı bir zavodun açılışını etmişdi. MEE-nin zavod layihəsi ilə bağlı xəbərində İsrailin “Elbit Systems” silah şirkətinin Balkanlarda genişlənməyə çalışdığı, Serbiya və Albaniyada zavod layihələri həyata keçirdiyi qeyd olunmuşdu.

 

Vuçiç Tələbə Siyahısını müdafiəni zəiflətməkdə ittiham edib

Vuçiç “Tələbə Siyahısı”nın açıqlamasından sonra hərəkatı Serbiyanın müdafiəsini zəiflətməkdə günahlandırıb. Sabiq prezident 12 noyabrda “Instagram”da yayımladığı videoda siyahının İsrail və Çinlə əməkdaşlıqdan imtina edəcəyini iddia edib. Lakin Uboviçin açıqlaması İsraillə silah ticarətinin və Serbiyadakı PUA layihəsinin dayandırılması ilə bağlı idi.

Vuçiç “müdafiə və təhlükəsizlik sektorunun dağıdılmağa başlandığını” irəli sürərək prosesin xarici kəşfiyyat xidmətlərinin təlimatı ilə həyata keçirildiyini iddia edib

London Kral Kollecində (King’s College London) xarici siyasət və böyük strategiya sahəsində dərs deyən Vuk Vuksanoviç “Tələbə Siyahısı”nın öhdəliyinin necə icra olunacağının qeyri-müəyyən olduğunu deyib. Vuksanoviçin sözlərinə görə, Serbiyanın hərbi sənayesinin gəlir itkisini necə kompensasiya edəcəyi, “Elbit” zavodu ilə qurulan texnologiya və təchizat zənciri əlaqələrinin necə kəsiləcəyi və mövcud müqavilələrin hansı hüquqi öhdəliklər yaratdığı hələlik aydın deyil.

Vuksanoviç Serbiya cəmiyyətində İsrail-Fələstin məsələsinə dair fikirlərin tarixən fərqləndiyini qeyd edib. O bildirib ki, yəhudi icması ilə İkinci Dünya müharibəsindəki ortaq ağrılara əsaslanan bağlarla yanaşı, Qoşulmama Hərəkatına üzv olmuş Yuqoslaviya mirasından qaynaqlanan Fələstin həmrəyliyi də təsirlidir. Ekspert son illərdə, xüsusilə “Tələbə Hərəkatı”nın yüksəlişi ilə Fələstinə dəstəyin artdığını və bir çox insanın Qəzzada baş verənlərin İsraillə tarixi dostluqdan daha ağır basdığını düşündüyünü vurğulayıb.

Vuksanoviç Vuçiçin İsraillə yaxın münasibətlərinin Serbiyanın milli maraqlarından çox, keçmiş hakim dairələrin öz maraqlarına xidmət etdiyi yönündəki tənqidləri də diqqətə çatdırıb. İsraillə münasibətləri dəyişdirməyin müqavilələr və ABŞ-dəki israilyönümlü dairələrin mümkün reaksiyası səbəbindən asan olmayacağını bildirən ekspert, bu əlaqələrin Serbiyanın Aİ, ABŞ, Rusiya və Çinlə münasibətlərindən belə daha çətin dəyişə biləcəyini ifadə edib.