Bağırzadə qardaşlarının məhkəməsi davam edib

Oktyabrın 15-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsində Tale Bağırzadənin övladları MəhəmmədHəsən və MəhəmmədHüseyn Bağırzadələrin məhkəmə prosesi davam edib. Hakim Vüqar Məhərrəmovun sədrliyi ilə keçirilən iclasda bu dəfə şikayətçi tərəf ifadə verib.

Ludmila hadisəni ətraflı nəql etsə də, müxtəlif epizodlarla bağlı bir-birinə zidd ifadələr səsləndirib. Onun əvvəlki ifadəsi ilə ziddiyyət təşkil edən məqamlar dövlət ittihamçısı tərəfindən “düzəlişlərə” məruz qalıb. Hətta hakim zərbəni kimin vurduğunu soruşduqda, Ludmila MəhəmmədHüseyni göstərərək növbəti yanlışlığa yol verib. Bu dəfə də dövlət ittihamçısı onun səhvini düzəldərək zərbəni vuran şəxsin MəhəmmədHəsən olduğunu bildirib.

Məhkəmə iclası zərərçəkmişin ifadəsi və verilən sualları cavablandırması ilə yekunlaşıb. Növbəti iclas noyabrın 5-i, saat 12:00-a təyin edilib.

Xatırladaq ki, aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında insident baş verib. Yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi mübahisəyə səbəb olub. MəhəmmədHüseynin onları bu cür davranışdan çəkindirməyə çalışması gərginliyi daha da artırıb. Qarşı tərəfin MəhəmmədHüseyni təhqir etməsindən sonra mübahisə əlbəyaxa davaya çevrilib.

Qardaşının iki şagird tərəfindən zorakılığa məruz qaldığını görən MəhəmmədHəsən davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnu sınıb. Məhkəmə prosesi də məhz bu hadisə ilə bağlı şikayət əsasında keçirilir.