Gürcüstanın tanınmış ruhanisi Azərbaycanda məktəblərdə hicabla bağlı tətbiq olunan məhdudiyyətlərə etiraz edib

Gürcüstanın tanınmış ruhanisi, İmam Rza (ə) mədrəsəsinin müdiri Hacı Əziz Nəbiyev Azərbaycanda məktəblərdə hicabla bağlı tətbiq olunan məhdudiyyətlərə etiraz edib.

Ruhani paylaşımında hicabın Allahın əmri, elmin isə insanı kamilliyə aparan yol olduğunu vurğulayaraq dini dəyərlərlə təhsilin bir-birinə qarşı qoyulmamalı olduğunu bildirib.

Hacı Əxiz Nəbiyev İslam dininin elmə böyük əhəmiyyət verdiyini xatırladıb və Peyğəmbərin (s) “Elm öyrənmək hər bir müsəlman kişi və qadına vacibdir” hədisinə istinad edib.

O qeyd edib ki, heç kim insanı dini inancı ilə təhsili arasında seçim etməyə məcbur etməməli, şəxsin dini etiqadına uyğun yaşamaq istəyi onun təhsil almaq hüququna maneəyə çevrilməməlidir.

Ruhani, həmçinin məktəb rəhbərlərinin və digər səlahiyyətli şəxslərin şagirdlərin dini inanclarına görə fərqli münasibətlə üzləşməsinə səbəb olacaq addımlar atmamalı olduğunu vurğulayıb. O, qanunların vətəndaşların hüquq və azadlıqlarını qorumaq üçün mövcud olduğunu bildirib.

Hacı Əziz Nəbiyev sonda aidiyyəti dövlət qurumlarını və hüquq-mühafizə orqanlarını məsələyə məsuliyyətlə yanaşmağa və hicabla bağlı problemin müsbət həlli istiqamətində addımlar atmağa çağırıb.

Ruhani paylaşımını “Hicab Allahın əmri, elm isə insanı kamilliyə aparan yoldur” başlığı ilə təqdim edib.