Hicab imanın təzahürü, təhsil isə hər kəsin haqqıdır!

Nazirlər Kabinetinin təhsil müəssisələrində geyim qaydalarına dair qəbul etdiyi qərarda “ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementləri”nin istifadəsinə yol verilmədiyi bildirilir. Bəs hicab dünyəvilik prinsipinə zidd element hesab edilə bilərmi? Dini baxımdan hicabın mahiyyəti nədir və bu qərar hicablı xanımların təhsil və əmək hüquqlarının məhdudlaşdırılmasına əsas verirmi?

İslam şəriətində hicab qadının dini vəzifələrindən biri kimi qəbul edilir. Onu sadəcə adi geyim elementi səviyyəsinə endirmək məsələnin dini mahiyyətini nəzərə almamaqdır. Papaq, əlcək, corab və digər vasitələrinin geyim elementi olmadığı kimi, hicabı da geyim elementlərinə daxil etməyək. Çünki hicablı xanım bunu geyim seçimi kimi deyil, dini inancının tələbi kimi qəbul edir.

Lakin hətta hicabı geyim elementi hesab etsək belə, bu, hicablı xanımların təhsildən və iş yerlərindən kənarlaşdırılmasına avtomatik hüquqi əsas yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi bərabərlik hüququnu, 42-ci maddəsi təhsil hüququnu, 48-ci maddəsi isə vicdan azadlığını təsbit edir. Eyni zamanda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlər də din və vicdan azadlığının, ayrı-seçkilikdən qorunmanın vacibliyini vurğulayır.

Dövlətin dünyəvi olması insanların dini inanclarından imtina etməsi demək deyil. Dünyəvilik prinsipindən istifadə edərək vətəndaşların dini etiqadını ifadə etmək hüququnu əsassız məhdudlaşdırmaq yolverilməzdir. Hicablı xanımların təhsil və əmək hüquqları qanunvericilik və beynəlxalq öhdəliklər çərçivəsində qorunmalıdır. Konkret məhdudiyyətlərin hüquqi əsasları isə ayrıca qiymətləndirilməlidir.

Xalqı polislə hədələmək əvəzinə, onun qanuni tələblərinə və hüquqlarına hörmət edilməlidir!

Xalq öz haqqını tələb edir, hüquqlarının bərpasını istəyir. Hicablı xanımların təhsil və əmək hüquqlarının müdafiəsi qarşıdurma deyil, ədalət və qanunun aliliyi məsələsidir.

Xalqımıza müraciətim budur: heç bir təxribata uymayın, mənşəyi və məqsədi məlum olmayan mitinq çağırışlarına düşünmədən reaksiya verməyin. Öz hüquqlarınızı sivil və qanuni yollarla müdafiə edin. Müvafiq dövlət qurumlarına yorulmadan müraciət edin, hüquqi yardım üçün vəkillərə üz tutun və zərurət yarandıqda, bütün daxili hüquqi müdafiə vasitələri tükəndikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət imkanlarını araşdırın.

Eyni zamanda, hicablı xanımlara süni maneələr yaradılan təhsil müəssisələrində və iş yerlərində rəhbərlik, müəllimlər, valideynlər, şagirdlər və əməkdaşlar bir-birlərinin hüquqlarına hörmətlə yanaşmalı, hüquqların müdafiəsində həmrəylik göstərməlidirlər. Qanuni və dinc vasitələrlə müraciətlər etmək, hüquqi prosedurlardan istifadə etmək və ədalətli həll tələb etmək hər bir vətəndaşın haqqıdır.

Heç kəs öz dini inancına görə təhsil və gələcək qurmaq imkanından məhrum edilməməlidir. Hicablı xanımlar da bu xalqın övladlarıdır. Onların da oxumağa, işləməyə, cəmiyyətə fayda verməyə və öz inanclarına uyğun yaşamağa hüquqları var.

Hüquqlarımızı müdafiə edərkən nə qorxuya təslim olmalı, nə də təxribatlara uymalıyıq. Qətiyyətli, səbirli, həmrəy və qanun çərçivəsində hicaba süni maneə yaradan təhsil ocaqları və iş yerlərinin qarşısında yığılmalı, hüquqlarımızın bərpa edilməsini sona qədər tələb etməliyik.

Ədalət tələbi susdurulmalı deyil, dinlənilməlidir.

 

 

İlahiyyatçı Toğrul Nuriyev