“Meydan TV işi”: “5 milyonluq qaçaqmalçılıqda ittiham olunanlar ev dustaqlığına buraxılır, amma jurnalistlər həbsdə saxlanılır”

“Meydan TV işi” üzrə məhkəmə prosesi yeni hakimlər kollegiyası və yeni prokurorla davam etdirilib.

İyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda jurnalistlərin ev dustaqlığına buraxılması, bəzi tibbi müayinələrin təmin olunması və ayrı-ayrı prosessual məsələlərlə bağlı vəsatətlər qaldırılsa da, əsas vəsatətlər təmin edilməyib.

“Meydan TV”nin yazdığına görə, işə hakim Zaur Hacıyevin sədrliyi ilə, Azər Tağıyev və Roman Ələkbərlidən ibarət kollegiya baxır.

İyulun 3-də keçirilən iclasda hakim Zaur Hacıyev yeni tərkibi jurnalistlərə təqdim edib. Məlum olub ki, hakimlərlə yanaşı, dövlət ittihamçısı da dəyişib. Bundan sonra prosesdə ittihamı prokuror Vüsal Abdullayev müdafiə edəcək.

“Meydan TV” əməkdaşı Aytac Tapdıq yeni prokurora etiraz etdiklərini, əvvəlki dövlət ittihamçısının prosesə qaytarılmasını istədiklərini bildirib.

“Mən yeni dövlət ittihamçısına etiraz edirəm. Çünki hakimlərin niyə dəyişdirildiyini başa düşdüm, onlar bacarmırdı. Prokuror isə bacarırdı, ittiham aktını oxuyurdu. O niyə dəyişib? Tələb edirəm əvvəlki əvvəlki prokuror Ergin Qafarov geri qaytarılsın”,- o deyib.

Digər təqsirləndirilən jurnalistlər də Vüsal Abdullayevə etiraz ediblər.

“Əvvəlki prokuror güclüdür, aurası gözəl idi. Məhkəmədə nə danışılırdısa, o gülürdü. O, mütləq geri qaytarılmalıdır”, - Xəyalə Ağayeva deyib.

Lakin etiraz təmin olunmayıb.

Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Ardınca jurnalistlər və onların vəkilləri vəsatətlərini təqdim ediblər.

“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərdən, “arqument.az” saytının baş redaktoru Şəmşad Ağa məhkəmə prosesinin başlanğıcından qanunsuz aparıldığını deyib. Onun sözlərinə görə, istintaq təcridxanasına məhkəmə bildirişi göndərilməyib, həmçinin təqsirləndirilən şəxslərə məhkəmə tərkibinin dəyişməsi barədə məlumat verilməyib:

“Yeni tərkibdəkilərdən Azər Tağıyevin siyasi işlərdə təcrübəsi var. “Toplum TV işi”ndə yaxın günlərdə dostlarıma hökm oxuyacaq. Roman Ələkbərli də İmran Əliyevin işini aparır. Zaur müəllim, siz Bakı Hərbi Məhkəməsindən yeni gəlmisiniz, görünür, hələ ilk siyasi işinizdir. Bir bildiriş nədir ki, o da göndərilmir. Bu iş əlifbasından düz aparılmır. Biz onsuz da bilirik ki, burada məhkəmə yoxdur, boş yerə vaxtımız gedir. Heç bir ədalətli məhkəmə gözləntimiz də yoxdur. Biz Mikayıl Cabbarovun bura çağırılıb dindirilməsini istəmişdik. Onun əvəzinə bir uşağı göndəriblər bura”.

Məhkəmədə Dövlət Vergi Xidmətinin əməkdaşı Leyla Hüseynova mülki iddiaçının nümayəndəsi qismində iştirak edib.

“Meydan TV” əməkdaşı Ramin Deko bildirib ki, 2024-cü il dekabrın 6-da Tbilisidən qayıdarkən üzərində 8 min avro olub. Onun sözlərinə görə, həmin gün saxlanılarkən pulun məbləği 38 min avro kimi rəsmiləşdirilib. Ramin Deko bu səbəbdən əvvəlki məhkəmə tərkibi qarşısında hava limanındakı videogörüntülərin alınması və məhkəmədə baxış keçirilməsi barədə vəsatət qaldırdığını, vəsatətin təmin edildiyini deyib:

“Mən gələndə üstümdə 8 min avro pul olub. Ya doğub, ya qoyublar - necə olubsa, sonra 38 min avroya çevrilib. Bu məsələnin araşdırılması üçün vəsatət qaldırmışdıq, məhkəmə də təmin etmişdi. Üstündən 3 ay keçib. O videogörüntülər bu müddətdə dığırlana-dığırlana gəlsəydi, indiyə gəlib çatardı məhkəməyə. Ya özünüz alın, ya da məni buraxın, özüm gedib alıb gətirim. 3 aydı mən qalmışam burada”.

Daha sonra vəkillər həbsdə olan jurnalistlərin hökm çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıblar.

Vəkil Zibeydə Sadıqova bildirib ki, müvəkkillərindən “Meydan TV”nin baş redaktoru Aynur Elgünəşin səhhətində ciddi problemlər var. Onun sözlərinə görə, Aynur Elgünəş indiyə qədər 17 dəfə cərrahiyyə əməliyyatı keçirib.

Müdafiəçi həmçinin Şəmşad Ağanın həbsdə olduğu müddətdə anasını, bacısını, qardaşı qızını və digər yaxın qohumlarını itirdiyini bildirib. O, digər müvəkkilləri Natiq Cavadlının təcrübəli jurnalist və üç övlad atası olduğunu, Fatimə Mövlamlının isə gənc jurnalist kimi fəaliyyətinə görə həbs olunduğunu deyib.

“Hüquqlarını müdafiə etdiyim şəxslərə qarşı əvvəl qaçaqmalçılıq ittihamı irəli sürülüb və bu ittihamla da həbs qətimkan tədbiri seçilib. İstintaqın sonunda buket ittihamlar verilib. Təcrübədə görürük ki, kilolarla qızıl qaçaqmalçılığı, 5 milyon yarımlıq siqaret qaçaqmalçılığında ittiham olunan şəxslər haqqında, məsələn, Ruslan Eyyubov haqqında məhkəmələrimiz ev dustaqlığı qərarı verir. İstərdik ki, məhkəmələrimizin bu gözəl praktikasından bu işdə də istifadə olunsun”, - Zibeydə Sadıqova bildirib.

Vəkil Cavad Cavadov müvəkkilləri Nurlan Libre və Aytac Tapdığın ev dustaqlığına buraxılmasını istəyib.

Digər vəkil Bəxtiyar Hacıyev Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovla bağlı eyni vəsatəti qaldırıb. O, həmçinin Ülvi Tahirovun işinin “Meydan TV işi”ndən ayrılmasını istəyib.

Müdafiəçilərdən Rəşad Əliyev müvəkkili Əhməd Muxtarın ev dustaqlığına buraxılması barədə vəsatət verib. O bildirib ki, Əhməd Muxtar tanınmış fotojurnalistdir, himayəsində azyaşlı uşağı var, atası və həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkir.

Vəkil Nazim Musayev də jurnalist Xəyalə Ağayevanın həbsdə saxlanılması üçün maddi və prosessual əsasların olmadığını deyib.

Prokuror Vüsal Abdullayev jurnalistlərin ev dustaqlığına buraxılması barədə vəsatətlərə etiraz edib. O bildirib ki, həbs qətimkan tədbiri seçilərkən göstərilən əsaslar aradan qalxmayıb.

Müşavirədən sonra hakimlər ev dustaqlığı ilə bağlı vəsatətləri təmin etməyiblər. Ülvi Tahirovun işinin ayrıca icraata ayrılması barədə vəsatət də rədd olunub.

Vəkil Rövşanə Rəhimli müvəkkili Ülviyyə Əlinin səhhətindəki problemlərlə bağlı vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, Bakı İstintaq Təcridxanasında və Penitensiar Xidmətin Müalicə Müəssisəsində KT və MRT aparatları yoxdur. Buna görə əvvəlki məhkəmə tərkibi qarşısında Ülviyyə Əlinin özəl tibb müəssisələrindən birində müayinədən keçirilməsi barədə vəsatət qaldırılmışdı.

Vəkilin sözlərinə görə, əvvəlki məhkəmə tərkibi bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə məktub göndərilməsinə qərar verib.

Hakim Zaur Hacıyev bildirib ki, əvvəlki məhkəmə tərkibi fevralda Tibb Baş İdarəsinə məktub göndərib. O deyib ki, zərurət yaranarsa, məhkəmə müayinəyə etiraz etməməsi barədə məktub verə bilər.

Aytac Tapdıq isə yeni məhkəmə heyətinin “Meydan TV”nin fəaliyyəti ilə tanış olması üçün videoçarx hazırlanmasını və məhkəmədə nümayiş etdirilməsini təklif edib.

Vəkil Zibeydə Sadıqova Natiq Cavadlının ailə üzvlərinə etibarnamə verilməsi ilə bağlı problemin həlli barədə də vəsatət qaldırıb:

“Natiq Cavadlının yetkinlik yaşına çatmayan qızına pasport alınması və ölkədən çıxışı üçün etibarnamə verilməlidir. Əvvəlki məhkəmə tərkibi bu vəsatəti təmin etmişdi. Lakin adlar səhv yazılmışdı deyə, notarius əməliyyatı həyata keçirməkdən imtina etdi. Xahiş edirik, bu məsələni həll edin”.

Müdafiəçinin digər vəsatəti Bakı Ağır Cinayətlər Məhkəməsində əlilliyi olan şəxslər üçün şəraitin olmaması ilə bağlı olub. Zibeydə Sadıqova bildirib ki, əlilliyi olan dustaqlar məhkəmə binasında saxlanıldıqları müddətdə tualet problemi ilə üzləşirlər:

“Daşınan unitazlar var. Ya məhkəmə özü onu almalıdır, ya şəxsin yaxınları alıb gətirə bilər. Hər bir halda, bu məsələ həllini tapmalıdır”.

Hakim növbəti məhkəmə iclasına qədər bu məsələnin həllinə çalışacaqlarını deyib.

Vəkil Cavad Cavadov isə bildirib ki, Aytac Tapdığın səhhətindəki problemlərlə bağlı iyunun 19-da Tibb Baş İdarəsinə məktub göndərilsə də, hələ cavab alınmayıb.

Daha sonra məhkəmə istintaqının başlandığı elan olunub. Qərar verilib ki, ittiham aktı elan edilmiş hesab olunsun.

Əvvəlki məhkəmə tərkibinin dövründə ifadə vermiş jurnalistlərdən Aynur Elgünəş, Natiq Cavadlı və Ülvi Tahirov həmin ifadələrinin qəbul olunmasını istəyiblər. Ramin Deko isə növbəti iclasda ifadəsinə əlavə edəcəyini bildirib.

Proses zamanı prokuror Vüsal Abdullayevin təqsirləndirilən jurnalistlərin çıxışlarına müdaxilə etməsi narazılığa səbəb olub.

Fatimə Mövlamlı prokurora “Vüsal bəy” deyə müraciət edəndə o, belə cavab verib:

“Bəy yox, cənab prokuror”.

Fatimə Mövlamlı isə cavabında deyib:

“Siz burada bizi şərləyirsiniz, sizə “bəy” sözü lap çoxdur”.

Bundan sonra Şəmşad Ağa prokurorun davranışına etiraz edib:

“Qanunun tələblərini, imperativ normaların hamısını pozmusunuz, hələ bir danışırsınız. Baxın sizin təmsil etdiyiniz Baş Prokurorluğun təsdiqlədiyi ittiham aktına, görün, nə qədər səhvlər var. Burada utanmalı olan sizsiniz, hələ bir danışırsınız”.

Daha sonra fotojurnalist Əhməd Muxtar ifadə verib. O bildirib ki, “Meydan TV” ilə heç bir əlaqəsi və əməkdaşlığı olmayıb. Onun sözlərinə görə, sadəcə, “Meydan TV”nin baş redaktoru Aynur Elgünəşlə 2008-ci ildən dostluq münasibətləri olub.

Əhməd Muxtar deyib ki, 2024-cü ilin oktyabrında Gürcüstandan qayıdarkən Aynur Elgünəşin xahişi ilə ona məxsus 7 min avronu gətirib:

“Mən 2009-cu ildən peşəkar fotoqraf kimi fəaliyyət göstərirəm. Tbilisidə İqor var, kameraları təmir edən peşəkardır. COP-da çalışacaqdıq. Famillə getdik onun yanına. Aynur xahiş eləmişdi ki, gələndə onun qonorarını da alıb gətirim. Oktyabrın 11-də gələndə 3500 məndə olub, 3500 Famildə. Məni 2024-cü il dekabrın 6-da tutub, bu məsələ ilə bağlı dindiriblər. Sonra polisə müqavimət adı ilə 20 sutka veriblər. 2025-ci ilin avqustuna qədər mən azadlıqda olmuşam. İşimlə-gücüm ilə məşğul idim”.

Əhməd Muxtar peşə fəaliyyəti barədə də danışıb. O bildirib ki, müxtəlif təşkilatlarla fotoqraf kimi əməkdaşlıq edib və vergisini ödəyib. Onun sözlərinə görə, 2020-ci ildə “İlin fotoqrafı” adına layiq görülüb, 44 günlük müharibə zamanı çəkdiyi fotolar beynəlxalq mediada yayımlanıb.

Fotojurnalist həmçinin bu sahədə təlimçi kimi dərs dediyini, Prezident Administrasiyasının Qarabağa təşkil etdiyi səfərlərdə fotoqraf kimi iştirak etdiyini, bir müddət Azərbaycan Dillər Universitetində müəllim işlədiyini bildirib:

“Mən müstəqil fotoqraf olmuşam, müqavilə əsasında 8-10 təşkilatla əməkdaşlıq etmişəm. Sadəcə, Bakı Jurnalistika Məktəbində mənə bir otaq veriblər, orada oturub işimi görmüşəm”.

“Meydan TV işi” üzrə məhkəmə prosesi iyulun 24-də digər jurnalistlərin ifadələri ilə davam edəcək.

Bu iş üzrə jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aytac Tapdıq, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov 2024-cü ilin dekabrında saxlanılıblar. Daha sonra Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre, Ülviyyə Əli və fotojurnalist Əhməd Muxtar da həbs olunublar.

Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə – qaçaqmalçılığın qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədilməsi ittihamı irəli sürülüb. Daha sonra ittihamların ağırlaşdırıldığı bildirilib.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.