Sumqayıt 15 saylı məktəbdə hicab qadağası 22 hicablı şagirdi təhsildən uzaqlaşdırdı

Son günlər bəzi orta məktəblərdə şagirdlərin məktəbə hicabla gəlməsinə qadağa qoyulub. Bu qəbildən olan bir neçə şikayəti zamanla işıqlandırmışıq. Valideynlərə məktəb rəhbərliyi Təhsil Nazirliyindən məktub gəldiyini bildirərək uşaqları məktəbə buraxmır.
Övladı Sumqayıtın 15 saylı məktəbində təhsil alan Sevinc Rzayeva deyir ki, ona Pedeqoji Şuranın qərarı təqdim olunaraq övladı ilə bərabər sayları 20-dən çox qız uşağı təhsildən məhrum edilib. Qərarda belə izah olunur ki, məktəb divarları arasına daxil olan istənilən şagird məktəbli geyimindən kənar hər bir əlavəni məktəbdən kənar qoyub içəri daxil olmalıdır.
Valideynlər məlum qərardan narazıdırlar və yaradılmış süni qadağanın təhsilin gedişinə, eyni halda məktəbli geyiminə hər hansı bir ziddiyyət təşkil etmədiyini söyləyirlər. Dərsə buraxılmayan 22 məktəblinin böyük əksəriyyəti əlaçıdır və bu günə qədər tədrislə bağlı hər hansı bir narhatlıq yaratmayıblar. Belə olan halda onların təhsildən uzaqlaşdırılması hansı hüquqi yön daşıya bilər ki?
Valideynlər məsələ ilə bağlı Ombudsmanlığa məktubla da müraciət ediblər. Onlara bildirilib ki, mövzu ilə bağlı Ombudsmanlıq Təhsil Nazirliyinə sorğu göndərib və cavab alan kimi ailələrlə əlaqə saxlanılacaq.
Hüquqşünas Emin Abbasov qüvvədə olan qanunvericilikdə məktəbli geyimində hicab qadağası nəzərdə tutulmadığını deyir. Bu səbəbdən hicabın qadağalanması bu tip əsaslandırıla bilməz:
“Düzdür, təhsil dünyəvi xarakterlidir. Burada dövlətə qanun orta təhsilin dünyəvilik xarakterini qoruyub saxlamaq, fərqli dini baxışlar arasında münasibətlərin dünyəvi təhsil sistemi çərçivəsində neytrallığını və birgə varlığını qorumaq üçün müəyyən tənzimləmə səlahiyyətləri verib. Lakin din azadlığını məhdudlaşdırarkən sadəcə dünyəviliyə istinad edilə bilməz. Dövlət bu zaman təcili sosial ehtiyacı nümayiş etdirib nəyə görə belə bir məhdudiyyəti icra etdiyini göstərməlidir. Məlum vəziyyətdə isə bunun şahidi olmuruq.”