AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi

AFFA Misli Premyer Liqasında çıxış edən bir neçə kluba ciddi intizam cəzaları tətbiq edilib.

Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mayın 22-də XXXIII tur çərçivəsində keçirilən "Sumqayıt" - "Qarabağ" qarşılaşmasından sonra kənar şəxslərin meydançaya daxil olması səbəbindən "kimyaçılar" 2 min 500 manat məbləğində cərimələnib. 

Eyni matçda "Qarabağ" azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi isə Ağdam təmsilçisinə 8 min manatlıq cərimə bahasına başa gəlib.

Mayın 23-də keçirilən "Kəpəz" - "Neftçi" duelində isə Gəncə komandasının 4 oyunçusunun sarı vərəqə alması kluba 700 manat cərimə gətirib. Matçın 65-ci dəqiqəsində kobud qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulan "Neftçi"nin 18 nömrəli futbolçusu İfenayi Metyu isə 1-i şərti olmaqla 2 oyunluq diskvalifikasiya edilib.

Bu qayda pozuntusuna görə paytaxt klubu 1000 manat cərimə ödəyəcək, futbolçu üçün isə əlavə olaraq 6 aylıq sınaq müddəti tətbiq ediləcək.