Ayətullah Xameneidən hacc mesajı: “Yeni regional nizamı İslam ümməti formalaşdıracaq”

İranın ali rəhbərliyi adından həcc zəvvarlarına ünvanlanan müraciətdə bildirilib ki, İslam dünyası və region xalqları ortaq maraqlar və imkanlar əsasında gələcək regional və beynəlxalq düzənin formalaşmasında rol oynaya bilər.

Müraciətdə İslam ölkələri arasında dostluq, əməkdaşlıq və birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Mesajda qeyd olunub ki, İslam dünyasının inkişafı və mövcud problemlərin həlli yalnız koordinasiya olunmuş fəaliyyət və qarşılıqlı əməkdaşlıq yolu ilə mümkündür.

Müraciətdə müsəlman cəmiyyətlərinin siyasi və sosial potensialının gələcəkdə daha böyük təsir imkanları yaradacağı bildirilib.

Çıxışda regionun gələcəyi ilə bağlı siyasi qiymətləndirmələr də yer alıb.

Bəyanatda qeyd edilib ki, region xalqları gələcəkdə xarici hərbi təsirlərin mərkəzi olmayacaq və bölgədə yeni geosiyasi reallıqlar formalaşır.

Müraciətdə İsraillə bağlı sərt siyasi mövqe ifadə olunub və regionun gələcəyinin fərqli siyasi balans üzərində qurulacağı bildirilib.

Eyni zamanda gələcəyin İslam dünyası və yeni sivilizasiya modelinə aid olacağı fikri vurğulanıb.

Mesajda həcc yalnız dini ibadət deyil, həm də mənəvi yenilənmə, nəfslə mübarizə, sosial məsuliyyət və ilahi dəyərlərə bağlılıq kimi təqdim olunub.

Zəvvarlara Allahı yad etmək, mənəvi paklanmaq, ehtiyac sahiblərinə yardım etmək və haqqın müdafiəsinə hazır olmaq çağırışı edilib.

Müraciətdə İranın son onilliklərdə keçdiyi siyasi yol və ölkənin müqavimət siyasəti də ön plana çıxarılıb.

Bildirilib ki, İran cəmiyyəti xarici təsirlərə qarşı mübarizə və daxili davamlılıq modeli qurmağa çalışıb və bu yanaşmanın regionun müxtəlif hissələrində dəstəkləndiyi qeyd olunub.

Mesajın sonunda builki həcc mövsümündə “müşriklərdən uzaqlaşma” anlayışına xüsusi diqqət ayrılıb və siyasi şüarların müsəlman cəmiyyətlərində geniş müzakirə mövzusu olduğu bildirilib.

Bu çağırışlar zəvvarların Ərəfat mərhələsinə keçdiyi bir vaxta təsadüf edib.