Avropa Məhkəməsi blogerin ədalətli məhkəmə hüququnun pozulduğunu tanıyıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ictimai fəal, bloger Əbdül Əbilov ilə bağlı qərarını elan edib. Vəkil Fariz Namazlının yaydığı məlumata görə, iş ərizəçinin 2013-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə aid olub.

Avropa Məhkəməsi müəyyən edib ki, işə Ali Məhkəmədə baxılarkən müdafiə tərəfinin effektiv iştirakı təmin edilməyib. Qərarda qeyd olunub ki, yeni təyin olunmuş vəkilə iş materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt və imkan verilməyib, Ali Məhkəmə isə müdafiə tərəfi olmadan iclas keçirib. AİHM xüsusilə vurğulayıb ki, ərizəçi həbsdə olduğundan vəkili ilə əlaqə imkanları məhdud olub və milli məhkəmələr bu vəziyyəti nəzərə almayıblar.

Bu əsaslarla məhkəmə İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci və 3(c) bəndlərinin - ədalətli məhkəmə araşdırması və müdafiə hüququnun pozulduğu qənaətinə gəlib.

Bununla yanaşı, AİHM sübutların saxtalaşdırılması ilə bağlı iddiaları qəbul etməyib. Qərarda göstərilib ki, axtarış və baxış saxlanmadan dərhal sonra şahidlərin iştirakı ilə aparılıb, əməliyyat videoya çəkilib, ailə üzvləri hadisə yerində olub və ərizəçinin vəkili qısa müddət ərzində prosesə qoşulub. Həmçinin məhkəmə prosesində şahidlər dindirilib və ərizəçiyə sübutlara etiraz etmək imkanı yaradılıb. Buna görə AİHM sübutların etibarlılığı ilə bağlı ciddi şübhə yaranmadığını bildirib və bu hissədə Konvensiyanın 6-cı maddəsinin pozulmadığı nəticəsinə gəlib.

Ərizəçi həmçinin iddia edib ki, həbs və məhkum olunması onun bloger fəaliyyəti və hökuməti tənqid edən yazıları ilə əlaqəli olub. O, bununla bağlı Konvensiyanın ifadə azadlığını nəzərdə tutan 10-cu və hüquqlardan sui-istifadənin qadağan edilməsinə dair 18-ci maddələrinə istinad edib.

AİHM qeyd edib ki, bəzi hallarda cinayət təqibi siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilər. Lakin məhkəmə hazırkı iş üzrə bununla bağlı kifayət qədər konkret sübut təqdim edilmədiyini vurğulayıb. Qərarda bildirilib ki, ərizəçi hansı fəaliyyətinə görə təqib olunduğunu dəqiq əsaslandıra bilməyib və narkotik ittihamının sırf siyasi motivlərlə qurulduğunu sübut etməyib. Bu səbəbdən 10 və 18-ci maddələr üzrə şikayətlər açıq-aşkar əsassız hesab edilərək rədd olunub.

AİHM qərarı ilə ərizəçiyə mənəvi zərərə görə 3 600 avro, məhkəmə xərclərinə görə isə 500 avro kompensasiya təyin edib.