Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri, həbsdə olan Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxunub.
APA-nın xəbərinə görə, yerli məhkəmə Şahin Şıxlinskini 22 il müddətinə azadlıqdan məhrum edib.
Bundan əlavə, Akif Səfərov 21, Ayaz Səfərov 20, Kamal Səfərov və Şücaəddin Rəcəbov 14, Məzahir Səfərov 13, Bakir Səfərov isə 10 il həbs cəzası alıblar.
2025-ci ilin iyununda Rusiyanın Federal Təhlükəsizlik Bürosu Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılan iki azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatlarını itiriblər. Digər Səfərovlar və bir neçə azərbaycanlı isə məhkəmənin qərarı ilə həbs olunub. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədildiyi iddia olunan qətl cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb.
Bir neçə ay sonra isə Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə bu maddədən əlavə, sifarişli qətlə cəhddə ittiham olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi həmin vaxt azərbaycanlıların saxlanılması və ölümünə görə Rusiyaya nota verib. Eyni zamanda, Azərbaycanda da 8 Rusiya vətəndaşı narkotika ticarəti ittihamı ilə saxlanılıb.
Şahin Şıxlinskini 22 il müddətinə azadlıqdan məhrum edib