Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edərək, onu Rusiya–Ukrayna müharibəsinin mülki əsirləri siyahısına salmağı və imkan daxilində dəyişdirilməsini istəyib. O, müraciətində Ukrayna vətəndaşı olduğunu və Zelenskinin rəhbərliyi altında Milli İslahatlar Şurasında çalışdığını xatırladıb.
“Bilirəm ki, ukraynalılar heç kimi darda qoymur. Sizə ümid edirəm”, – deyə Saakaşvili bildirib.
Saakaşvili 2015-ci ildə Ukraynanın ozamankı prezidenti Petro Poroşenkonun fərmanı ilə vətəndaşlıq almış və Odessa vilayətinin qubernatoru təyin olunmuşdu. Lakin iki il sonra münasibətlər pisləşdiyi üçün Poroşenko onun vətəndaşlığını ləğv etmiş, ölkəyə girişini 2021-ci ilədək qadağan etmişdi.
Zelenski 2019-cu ildə prezident seçildikdən sonra Saakaşvilinin vətəndaşlığını bərpa edib və onu İslahatlar üzrə İcra Komitəsinin rəhbəri təyin edib.
Saakaşvili 2021-ci ilin sentyabrında Gürcüstana qayıtdıqdan dərhal sonra saxlanılıb və bir neçə cinayət işi üzrə məhkum edilib. Məhkəmələrin qərarına görə, o, 1 aprel 2034-cü ilədək həbsdə qalmalıdır.
2025-ci il noyabrın 6-da Gürcüstan hökuməti Saakaşviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə çağırış ittihamı ilə yeni cinayət işi açıldığını açıqlayıb. İstintaq iddia edir ki, həbsdə olan siyasətçi sosial şəbəkələr vasitəsilə tərəfdarlarını “mübarizəyə, aqressiv müqavimətə” və hökumət binalarının ələ keçirilməsinə çağırıb.
Noyabr ayında Saakaşvili zəhərlənmə şübhəsinə görə müalicə aldığı klinikadan yenidən həbsxanaya qaytarılıb.
Ukrayna rəsmiləri dəfələrlə Gürcüstandan Saakaşvilinin Kiyevdə müalicəsinə icazə verilməsini tələb ediblər. Saakaşvili isə hələ 2021-ci ildə Zelenskiyə məktubunda özünü “Putinin şəxsi əsiri” adlandırmışdı.
Saakaşvili Zelenskiyə müraciət edərək, onu mülki əsirləri siyahısına salmağı və imkan daxilində dəyişdirilməsini istəyib