Ölkədə repressiv mühit olduğu üçün meydanlarda etiraz etmək imkanı yoxdur

Həbsdə olan siyasətçi Tofiq Yaqublu Meydan TV-yə müsahibə verib. Siyasətçi müsahibəsində AXCP sədri Əli Kərimlinin həbsi və eləcə də, ölkədə baş verən son siyasi həbslər, ictimai- siyasi proseslər haqda danışıb.
–Tofiq bəy, əhvalınız necədir? Baş verənlərin fonunda hələ də nikbin qalmaq olurmu?
– Mübariz əhval-ruhiyyədəyəm. Ülvi Həsənli və Sevinc Vaqifqızı həbs ediləndə “Facebook”da yazmışdım ki, hamımızı şərləyib, tutacaqlar. Əlbəttə ki, Azərbaycanın azad və demokratik gələcəyi ilə bağlı nikbinəm. Mübarizə əzmim yerindədir və daha da artır. Nikbinlik və ya bədbinlik fərdlərin vəziyyətinə dair bir ölçü olmamalıdır. Burada əsas olan ölkə üçün gözlənilən gələcəkdir. Azərbaycan üçün yaxşı olacaq, buna heç kimin şübhəsi olmasın. Tarixin axarı bir su kimidir, onu axmağa qoymasan, məcrasını bağlasan, selə çevrilər, elə axar. Yəni gec olar, amma güc olar.
– Uzun illər hökumətyönlü media müxalifəti “Qərbin layihəsi” adlandırırdı. Son həbslər isə “Ramiz Mehdiyev işi” və Rusiya izi ilə əsaslandırılır. Bu dəyişikliyini siz necə izah edirsiniz?
– İham Əliyev fikirləşir ki, Ermənistanda Paşinyan, Moldovada Sandu real rusiyayönümlü və həqiqi cinayətkar müxalifəti ifşa edib, həbsə atırsa, o da bu fürsətdən istifadə edib, həmin ittihamlarla ölkədəki demokratik, Qərb dəyərləri uğrunda mübarizə aparan müxalifəti həbs edə bilər və bunun əsl vaxtıdır. Əlbəttə ki, bu ittihamlar absurddur və heç kəsi buna inandırmaq mümkün deyil.
– Aparıcı müxalifət partiyasının sədri həbs olundu, amma ölkə daxilində bu hadisə sanki səssiz qarşılandı. Bu nə ilə bağlıdır?
– Aparıcı müxalifət liderlərinin həbsi səssiz qarşılanmadı. Sosial şəbəkələrdə ciddi etiraz var. Ölkədə repressiv mühit olduğu üçün meydanlarda etiraz etmək imkanı yoxdur. Amma etiraz enerjisi itmir. İlk fürsətdəcə ciddi etirazlar olacaq. Burada bizim üçün önəmli olan odur ki, cəmiyyət hakimiyyətin bu şərləmə işini necə qəbul edir. Biz gördük ki, insanlarımız bu ittihamlara istehza edirlər. Yəni hakimiyyətin cəmiyyəti aldatmaq planı baş tutmadı.