Vaşinqton Hörmüz tələsinə düşdü – ABŞ-ın İran strategiyasındakı böyük səhv

"The New York Times" qəzetinin yazdığına görə, Donald Tramp administrasiyasının İranda hakimiyyəti sürətlə devirmək planı gözlənilən nəticəni verməyib.

ABŞ-ın hərbi strateqləri İranın rəhbər heyətini sıradan çıxarmaqla sistemin dərhal çökəcəyini hesablasalar da, Tehranın Hörmüz boğazını bağlayaraq dünya iqtisadiyyatını girov götürməsinə hazırlıqsız yaxalanıblar.

Vaşinqton mərkəzi hakimiyyəti hədəf almaqla rejimin bir neçə günə dağılacağını gözləyirdi. Lakin Müctəba Xameneyinin sürətlə yeni lider təyin edilməsi və sistemin müqaviməti bu ssenarinin reallıqdan uzaq olduğunu göstərdi.

Görünür ki, Tramp administrasiyası İranın Hörmüz boğazı üzərindəki rıçaqlarını düzgün qiymətləndirməyib. Hazırda boğazın faktiki bağlanması nəticəsində neftin qiyməti 100 dolları keçib, bu isə qlobal inflyasiyanı sürətləndirir.

Ekspertlər bildirirlər ki, ABŞ rəhbərliyi hərbi əməliyyatların gəmiçilik və qlobal tədarük zəncirinə vuracağı sarsıdıcı zərbəni lazımi səviyyədə nəzərə almayıb.

Nəticədə, hərbi uğurlara baxmayaraq, Vaşinqtonun "ildırımsürətli qələbə" ümidləri yerini uzunmüddətli və iqtisadi cəhətdən ağrılı bir böhrana buraxıb.

 

 

Müsavat