Əhməd Məmmədli: “Mənim üçün ölüm hökmü daha şərəfli olar”

Mayın 14-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ictimai fəal və jurnalist Əhməd Məmmədlinin barəsindəki hökmdən verdiyi şikayət üzrə proses keçirilib.

Ə.Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsindən “Toplum TV”-yə verilən məlumata görə, fəal məhkəmədən ona bəraət verilməsi, bu olmazsa, səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması barədə vəsatət verib.

“Bu da olmazsa, xahiş edirəm mənə ölüm hökmü kəsin. Bilirəm, bizdə ölüm hökmü yoxdur, amma bu, mənim üçün daha şərəfli olar, nəinki 6 il işgəncə altında həbs cəzası çəkmək”, - o bildirib.

Ə.Məmmədli çıxışında ona qarşı olan ittiham barədə sübutların olmadığını əlavə edib.

“Əvvəlki məhkəmə instansiyaları ittiham aktını araşdırmayıb. Nə bıçaq bilinir hardadır, nə də ortada hansısa qan izləri var. Mən necə bıçaqla xəsarət yetirmişəm ki, ortada qan izi yoxdur”, - o sual edib.

Daha sonra vəkil Elçin Sadıqov çıxış edərək ittiham aktındakı digər ziddiyətli məqamları məhkəmənin diqqətinə çatdırıb. O bildirib ki, Ə.Məmmədlinin cinayət əməli törətdiyi iddia olunan taksidəki digər iki sərnişin eyni kənddən olan, bir-birini öncədən tanıyan şəxslər olub və bu, təsadüf ola bilməz.

Hakim Əli Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra hökmün qüvvədə saxlanıldığını elan edib.

Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Məmmədliyə 6 il həbs cəzası verilib.

Əhməd Məmmədli ötən il mayın 6-da saxlanılıb və mayın 8-də barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.

İttiham aktında iddia olunur ki, o, sərnişin kimi mindiyi avtomobildəki digər sərnişinə mübahisə zəminində bıçaqla xəsarət yetirib.

Özü ittihamı rədd edir və keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.